Böyük elmi araşdırmaya əsasən, 1979-cu ildən bəri Qrenlandiya və Antarktida 12,5 trilyon ton buz itirib. Bu isə dünya okeanının səviyyəsinin təxminən 3,2 santimetr yüksəlməsinə səbəb olub.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər son onilliklərdə buz itkisi prosesinin sürətləndiyini, xüsusilə 1990-cı illərdən etibarən bu artımın daha nəzərəçarpan olduğunu müəyyən ediblər.
Bu itkilərin böyük hissəsi okeanların temperaturunun yüksəlməsi ilə əlaqəlidir. Daha isti okean suları buzlaqların dənizə daha çox buz kütləsi axıtmasına səbəb olur. Bu barədə "Euronews" məlumat yayıb.
Araşdırma dörd onillikdən artıq dövrü əhatə edən peyk müşahidələrinə əsaslanır. Antarktida üzrə məlumatlar 1979-cu ildən, Qrenlandiya üzrə isə 1972-ci ildən başlayır.
Əldə olunan məlumatlar göstərir ki, buz örtükləri 1970-ci, 1980-ci illərdə və 1990-cı illərin əvvəlinədək nisbətən sabit qalıb.
Bundan sonra buz itkisi sürətlənməyə başlayıb və ən böyük artım 2010-cu illərdə qeydə alınıb.
"Biz aydın tendensiya görürük: buz örtükləri getdikcə daha çox kütlə itirir və bu proses onillikdən onilliyə güclənir", - deyə Nortumbriya Universitetinin qlasioloqu İnes Otosaka bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər planetdə havanın və okean sularının temperaturunun yüksəlməsi ilə birbaşa əlaqəlidir.
Tədqiqatçılar müəyyən ediblər ki, itirilən buzun təxminən 84%-i buzlaqların okeana doğru axınının sürətlənməsi ilə bağlıdır.
Qalan 16% isə səth proseslərinin payına düşür. Daha isti dəniz suyu buz örtüyünü aşağıdan və buzlaqların kənarlarından əridir və onların okeana doğru hərəkətini sürətləndirir.
Otosakanın məlumatına görə, Qrenlandiyadakı Yakobshavn buzlağı bəzi dövrlərdə sutkada 50 metrədək geri çəkilir.
1979-cu ildən bəri buz örtüyünün azalması qlobal dəniz səviyyəsinin təxminən 3,2 santimetr yüksəlməsinə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, ilk baxışda kiçik görünən bu dəyişikliklər belə sahilyanı ərazilər üçün ciddi nəticələr yarada bilər.
Hesablamalara görə, dəniz səviyyəsinin hər əlavə 1 santimetr yüksəlməsi nəticəsində ildə 2-3 milyon insan sahilyanı daşqın riski ilə üzləşir.
2020-2023-cü illər arasında buz itkisi müəyyən qədər azalsa da, tədqiqatçılar bunun uzunmüddətli tendensiyanın dəyişməsi ilə deyil, qısamüddətli hava şəraiti dəyişiklikləri ilə əlaqəli olduğunu düşünürlər.
Onlar xatırladırlar ki, buz örtükləri iqlim dəyişikliklərinə onilliklər ərzində reaksiya verir. Buna görə də qlobal istiləşmənin qarşısı uğurla alınsa belə, buz itkisi prosesi müəyyən müddət davam edə bilər.