İran Ermənistanla Türkiyə arasında sərhədin açılmasını dəstəkləyir.
"PostMedia"nın xəbərinə görə, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami NEWS.am-ın müxbirinə açıqlamasında bildirib.
"Türkiyə bizim mühüm qonşumuzdur və bu ölkə ilə Ermənistanla olduğu kimi tarixi əlaqələrimiz var. Türkiyə ilə təxminən 500 ildir bir-birimizə qarşı müharibə aparmamışıq və münaqişə etməmişik. Mühüm iqtisadi əlaqələrimiz var, insanlar arasında təmaslar fəal şəkildə inkişaf edir, yüksək səviyyəli siyasi münasibətlərimiz də müsbət istiqamətdə inkişaf edir.
Həm Ermənistan, həm də Türkiyə ilə yaxşı münasibətlərimizin olduğunu nəzərə alaraq, İrəvanla Ankara arasında münasibətlərin tam normallaşması məsələsində, əlbəttə, Ermənistanın və erməni xalqının milli maraqlarını əsas götürməklə, müsbət rol oynaya bilərik. Məqsəd ölkələr arasında bərabər hüquqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşması və hər iki ölkənin iqtisadi maraqlarının təmin edilməsidir", - deyə səfir qeyd edib.
Şirqolami əlavə edib ki, TRIPP məsələsi ilə bağlı əsas müzakirələr Ermənistan hökuməti ilə aparılır. Bunun səbəbi Ermənistanın İran üçün dost ölkə olması, Tehranla İrəvanın daim əlaqədə olması, həmçinin layihənin Ermənistan ərazisində həyata keçiriləcək olmasıdır.
"Əlbəttə, biz digər ölkələrin, xüsusilə Türkiyənin mövqeyini də dinləyirik. Lakin bu məsələdə əsas tərəfdaşımız Ermənistandır. Əgər kommunikasiyaların açılması hərtərəfli və çoxtərəfli xarakter daşıyarsa, Ermənistanın Fars körfəzi ilə, İranın isə Qara dənizlə əlaqəsi təmin olunarsa, bu, bütün ölkələrə fayda verəcək", - deyə diplomat bildirib.