Rusiya Kiyevdə yerləşən Azərbaycan səfirliyinin ərazisinə “iskəndər” raketinin düşməsi ilə bağlı ilk açıqlamasını verib.
”PostMedia”nın məlumatına görə, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, heç kim səfirliyi hədəf almayıb. Onun sözlərinə görə, raket diplomatik nümayəndəliyin ərazisinə elektron müharibə və hava hücumundan müdafiə sistemlərinin təsiri nəticəsində düşmüş ola bilər.
Çepa qeyd edib ki, Rusiya Ordusu yalnız Ukraynanın müdafiə sənayesi obyektlərini və onları təmin edən infrastruktur nöqtələrini hədəfə alır:
“Əgər bu doğrudursa, səfirliyə atəş açılması məqsədli olmayıb. Elektron müharibə və HHM sistemləri səbəbindən raket və ya PUA-nın trayektoriyası dəyişə bilər – belə hallar təəssüf ki, baş verir.”
Deputat hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı izahat verməlidir.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə Rusiya səfiri Mixail Evdokimov çağırılmış və Moskvaya kəskin etiraz notası təqdim edilmişdi. Azərbaycan tərəfi Kiyevdəki səfirliyin ərazisinə düşən “İskəndər” raketi ilə bağlı izahat tələb etdiyini açıqlayıb.
Həmçinin Prezident İlham Əliyev də hadisəni kəskin şəkildə pisləyib və Rusiya ilə bu məsələ üzrə əlavə izahatların verilməsini vacib adlandırıb.