Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verib.
Bolqarıstanın Baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə ediblər.
Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İki ölkə arasında elektrik enerjisi dəhlizi layihəsinin yaradılması, həmçinin bağlantılarla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri müxtəlif sahələrdə əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Xatırladaq ki, noyabrın 3-də Prezident İlham Əliyev İliyana Yotovanı Bolqarıstan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
