Ermənistan Milli Məclisinin xüsusi iclasında səhmdar cəmiyyətlər haqqında qanuna və bağlı qanunlara dəyişikliklər əks olunmuş qanun layihələri paketi müzakirə olunub.
"PostMedia" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Qanun layihələri paketinin müzakirəsi zamanı Ədliyyə nazirinin müavini Tiqran Dadunts beynəlxalq sazişlər əsasında Ermənistan tərəfindən ratifikasiya olunmuş sazişlər çərçivəsində yaradılan şirkətlər üçün ümumi və daimi qanunvericilik mexanizminin formalaşdırılmasının planlaşdırıldığını bildirib.
Ədliyyə nazirinin müavini vurğulayıb: "Yuxarıda qeyd olunan qanunvericilik mexanizmi dövlət payı 25 faiz və ya daha çox olan şirkətlərə şamil ediləcək".
Ermənistan hökuməti xüsusi parlament iclasının çağırılması zərurətini ölkə ilə ABŞ arasında "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) regional nəqliyyat layihəsinin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlığa dair çərçivə sazişi ilə əlaqələndirib.
İzahata görə, sazişin ratifikasiyasından sonra həmin layihənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş şirkətin yaradılması ilə bağlı iş başlayacaq. Çərçivə sazişinə uyğun olaraq bu işin həyata keçirilməsi üçün bir sıra qanunvericilik dəyişiklikləri edilməlidir.