ABŞ İrana qarşı iqtisadi təzyiqi gücləndirmək üçün onun quru sərhədlərini qonşu ölkələrlə bağlamağa çalışır, lakin bu cəhdlər müqavimətlə üzləşir.
"PostMedia" "The New York Times"a istinadən xəbər verir ki, Amerika rəsmiləri bir neçə həftədir İranla həmsərhəd ölkələrə diplomatik təzyiq göstərərək onları sərhəd keçidlərini bağlamağa razı salmağa cəhd edir, lakin bu cəhdlər uğursuz olub.
Mənbəyə görə, Türkiyə, İraq və Pakistan kimi qonşu ölkələr ABŞ-nin siyasətinə getdikcə daha çox ehtiyatla və narazılıqla yanaşır. Onların sözlərinə görə, bu siyasət həmin ölkələrə də Tehranla eyni dərəcədə ziyan vura bilər.
Mənbənin müsahiblərindən biri bildirib ki, ölkələr ticarət yollarını bağlamağa cəhd etsələr, sərhədin hər iki tərəfində biznes və əhali üçün həyati əhəmiyyət kəsb edən bu yolların bağlanması "vətəndaş üsyanı"na səbəb ola bilər kimi narahatlıq keçirirlər.
Rəsmi şəxs ABŞ-nin son səylərinin regional müttəfiqlər arasında narazılıq yaratdığını deyib. Mənbəyə görə, Türkiyə sərhəd siyasətini əsasən dəyişmək istəmir.
İraq əvvəlcə ABŞ-nin iki istisna olmaqla, İranla bütün sərhəd keçidlərini bağlamaq tələbini rədd edib. Lakin sonradan bir və ya iki keçid məntəqəsini müvəqqəti bağlayıb ki, bu da əhali arasında ciddi həyəcana səbəb olub.
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü məlumat yayıb ki, Amerika silahlı qüvvələri İranın quru marşrutları və Xəzər dənizi vasitəsilə silah daşımasının qarşısını almaq üçün "Iron Gate" adlı operativ qrup yaradır.
CENTCOM-un rəisi admiral Brad Kuper bildirib: ""Iron Gate" operativ qrupunun yaradılması İranın dənizdəki dəmir blokadasının uğurunu möhkəmləndirəcək. Mərkəzi Komandanlığın digər ABŞ qurumları ilə əməkdaşlığının gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah zavodlarını bərpa etmək və silahlı qüvvələrini təchiz etmək imkanlarını daha da məhdudlaşdıracaq."