İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Ermənistan hakimiyyətinin Tramp Marşrutu (TRIPP) layihəsi çərçivəsində regionda Amerika hərbi qüvvələrinin yerləşdirilməyəcəyinə təminat verdiyini bildirib.
"PostMedia" "Tasnim"ə istinadən xəbər verir ki, sözçü Ermənistan tərəfinin bu məsələdə verdiyi təminatları açıqlayıb.
Bəqayi bildirib: "Ermənistan təminat verib ki, sərhədlərdə heç bir dəyişiklik olmayacaq; layihənin icrasında yalnız erməni şirkətləri iştirak edəcək və regionda Amerika hərbi qüvvələri yerləşdirilməyəcək".
Onun sözlərinə görə, İran həmişə regionda nəqliyyat əlaqəsinin məhdudiyyətlərinin aradan qaldırılmasının tərəfdarı olub, lakin bunun ölkələrin sərhədlərində və geosiyasi vəziyyətində dəyişiklik olmadan həyata keçirilməsini istəyir. Bəqayi qeyd edib ki, regiondan kənar qüvvələrin, xüsusilə ABŞ-nin müdaxiləsi yalnız təhlükəsizlik üçün risqlər yaradıb.
Bəqayi əlavə edib ki, İranla Ermənistan arasında münasibətlər yaxşıdır, lakin Tehran vəziyyəti diqqətlə izləyəcək.
Xatırladaq ki, 2025-ci ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan liderləri bəyannamə imzalayıblar. Sənəddə Ermənistanın ABŞ və Azərbaycan tərəflərlə birlikdə TRIPP layihəsinin çərçivəsini formalaşdıracağı qeyd olunub. Layihə avtomobil, dəmiryol və neft-qaz infrastrukturunun qurulmasını nəzərdə tutur. TRIPP Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçən 42 kilometrlik yolla Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli, daha sonra isə Türkiyəyə bağlamalıdır.
ABŞ Dövlət Departamenti əvvəllər məlumat verib ki, ABŞ, Ermənistan və Azərbaycan TRIPP-in inkişafı üzrə üçtərəfli texniki qrup yaradıblar. Qrupun məqsədi uzunmüddətli sabitliyin, iqtisadi fəallığın və regional əlaqəliliyin gücləndirilməsidir. Tərəflər daha iki qrupun — nəqliyyat və elektrik enerjisi üzrə qrupların yaradılması barədə razılığa gəliblər. Bu qrupların fəaliyyəti mürəkkəb texniki məsələlərin həllinə və layihənin növbəti mərhələlərinə, o cümlədən digər regional infrastruktur obyektləri ilə inteqrasiyaya hazırlığa yönəldiləcək.