İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə uzunmüddətli müharibəyə hazırlaşdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə bazar günü korpusun nümayəndəsi, briqada generalı Hüseyn Möhebbinin sözlərinə istinadən "Mehr" agentliyi məlumat yayıb.
"Müharibə davam edir və İslam İnqilabı Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazırlaşıb. O, əvvəllər də buna hazır idi, indi isə uzunmüddətli müharibəyə daha yaxşı hazırdır", - o deyib.
Möhebbi hazırkı vəziyyəti ABŞ-nin "tarixi və biabırçı məğlubiyyəti" kimi qiymətləndirib və Vaşinqtonun bir sıra istiqamətlərdə strateji uğursuzluqlarla üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, bu, xüsusilə Hörmüz boğazını yenidən açmaq imkanının olmaması, regiondakı hərbi bazaların və kəşfiyyat obyektlərinin həssaslığı, həmçinin ABŞ hərbi texnikasının İranın imkanlarına qarşı mübarizədə səmərəsizliyi ilə bağlıdır.
O, həmçinin ABŞ-nin regiondakı təsirini itirdiyini bildirərək deyib: "Amerika müharibədə deyil, sistemi itirməklə məğlub oldu". Möhebbinin sözlərinə görə, İran isə əksinə, hazırda regionda yeni təhlükəsizlik sisteminin formalaşdırılmasında iştirak edir.
Bundan əvvəl İran ordusunun komandanı, general-mayor Əmir Hatəmi də ölkənin silahlı qüvvələrinin ABŞ və ya İsrail tərəfindən həyata keçirilə biləcək istənilən yeni hücumu dəf etməyə tam hazır olduğunu bildirib.
Bu açıqlamalar Yaxın Şərqdə ABŞ-ın İrana qarşı yeni hərbi zərbələr endirə biləcəyi ilə bağlı narahatlığın artdığı bir vaxtda səslənib. Artıq təxminən yeddi aydır davam edən müharibənin dalana dirəndiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp bazar günü İranla bağlı qərar qəbul etmək prosesində olduğunu və müxtəlif fəaliyyət variantlarını nəzərdən keçirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu variantlar ölkənin "tamamilə məhv edilməsindən" tutmuş iqtisadi təzyiq göstərilməsinə və ya sülh sazişinin bağlanmasına qədər dəyişir.