Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xalq Ordusu uzaqmənzilli artilleriya və raket bölmələrinin iştirakı ilə birgə atəş təlimi keçirib. Təlim zamanı taktiki qanadlı raketlər, taktiki ballistik raketlər, zərbə PUA-ları və digər silah sistemlərindən istifadə olunub.
"PostMedia" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Təlim sentyabrın 12-də keçirilib və Koreya Xalq Ordusunun beş artilleriya və raket birliyindən seçilmiş bölmələr iştirak edib. Təlimlərdə müxtəlif tipli zərbə PUA-ları, taktiki qanadlı raketlər, iriçaplı termobarik döyüş başlıqlı reaktiv yaylım atəş sistemləri və taktiki ballistik raketlər tətbiq olunub.
Təlimə Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini, marşal Pak Çon Çhon və Xalq Ordusu Baş Qərargahının Artilleriya İdarəsinin rəisi, general-mayor Yu Çan Son rəhbərlik ediblər. KXDR lideri Kim Çen Inın təlimdə iştirak etdiyi bildirilməyib.
KCNA-nın məlumatına görə, təlimdə iştirak edən bütün zərbə sistemləri eyni vaxtda və "100% dəqiqliklə" qarşıya qoyulmuş hədəfləri vurub. Pxenyan təlimin müxtəlif silah sistemləri arasında atəşin əlaqələndirilməsi və sinxronluğunun nümayiş etdirildiyini bildirib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi isə sentyabrın 12-də KXDR-in Vonsan bölgəsindən Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raketin buraxıldığını açıqlayıb. Raketlərin təxminən 250 kilometr məsafə qət etdiyi bildirilib.