İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) istifadəçilərin yerləşmə məlumatlarının emalı qaydalarını pozduğuna görə "Google" şirkətini 403 milyon avro məbləğində cərimələyib.
"PostMedia" xəbər verir ki, bu barədə "RTE" telekanalı məlumat yayıb.
Məlumatların mühafizəsi qaydalarına əsasən, istifadəçinin yerləşmə məlumatları qanuni, ədalətli və şəffaf şəkildə emal edilməlidir.
Komissiyanın məlumatına görə, araşdırma zamanı "Google" tərəfindən bir sıra pozuntular müəyyən edilib. Xüsusilə istifadəçilər yerləşmə məlumatlarının, o cümlədən reklamların nümayiş etdirilməsi və onların üstünlüklərinin müəyyənləşdirilməsi məqsədilə istifadə olunduğundan xəbərsiz ola bilərdilər. Bu isə onların şəxsi məlumatlarına nəzarət imkanlarını məhdudlaşdıra bilərdi.
DPC araşdırmaya 2020-ci ilin fevralında Avropanın bir sıra istehlakçı hüquqlarının müdafiəsi təşkilatlarından daxil olan şikayətlərdən sonra başlayıb. Şikayətlər "Google"un müəyyən xidmət və məhsullarında istifadəçilərin yerləşmə məlumatlarını emal etməsi ilə bağlı olub.
Nəticədə Məlumatların Mühafizəsi Komissiyası ümumilikdə 403 milyon avro məbləğində cərimə tətbiq edib və "Google"a məlumatların emalı sistemini müəyyən edilmiş tələblərə uyğunlaşdırmaq üçün altı ay vaxt verib.