ABŞ Rusiyanın “VTB Bank"ını İrana qarşı sanksiyalar siyahısına daxil edib.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda bildirilir.
“VTB Bank” artıq ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində məhdudiyyətlər altındadır. Beləliklə, bank İrana qarşı ilkin sanksiyalara məruz qalmayıb, mövcud məhdudiyyətlər siyahısına əlavə edilib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, yeni tədbirlər nəzərə alınmaqla “VTB Bank” dünyanın “sanksiyalara ən çox məruz qalan maliyyə institutları” sırasındadır.
Qeyd edək ki, 2025-ci il sentyabrın 4-də “VTB Bankın” İdarə Heyətinin üzvü Olqa Başa “Şərq İqtisadi Forumu”nun kuluarlarında “İnterfaks”a açıqlamasında İran Mərkəzi Bankının ölkədə filial açılmasına prinsipial razılıq verdiyini bildirmişdi.
ABŞ “VTB Bank”a qarşı ilkin sanksiyaları 2022-ci il fevralın 24-də, o vaxt prezident olan Co Baydenin administrasiyası dövründə elan edib. Bank SND siyahısına daxil edilib və təşkilatın ABŞ dollarında olan bütün hesabları və aktivləri bloklanıb. Bu, bankın dollar sistemindən faktiki təcrid edilməsi deməkdir.
Məhdudiyyətlər “VTB Bank”ın 50%-dən çox paya malik olduğu törəmə strukturlarına da şamil edilib. Böyük Britaniya və Avropa İttifaqı da banka qarşı sanksiyalara qoşulub.
Xatırladaq ki, "VTB Bank"ın Azərbaycanda da filial və xidmət şəbəkəsi var.