6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Ağdamda yaşayış kompleksi layihələndirən şirkət Tbilisidə Trampın 2 milyard dollarlıq tapşırığını icra edəcək

14-sentyabr-2026, 20:41
Ağdamda yaşayış kompleksi layihələndirən şirkət Tbilisidə Trampın 2 milyard dollarlıq tapşırığını icra edəcək
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın oğlu, “The Trump Organization” şirkətinin icraçı vitse-prezidenti Erik Tramp gələn həftə Gürcüstana səfər edəcək. O, Tbilisidə “Trump Tower Tbilisi” layihəsinin rəsmi təqdimatında iştirak edəcək.

"PostMedia" bu barədə Gürcüstan mediasına istinadən məlumat veir.

Layihənin təqdimatı çərçivəsində beynəlxalq qonaqlar və investorlar üçün qapalı qala gecəsinin də keçiriləcəyi bildirilir.

“Trump Tower Tbilisi” keçmiş ippodromun ərazisində inşa ediləcək “The Downtown Tbilisi” kompleksinin mərkəzi qülləsi olacaq. Ümumilikdə altı göydələndən ibarət kompleksin ümumi investisiya dəyəri təxminən 2 milyard dollar qiymətləndirilir.

Qüllənin hündürlüyünün təxminən 259 metr, mərtəbələrinin sayının isə 70-ə qədər olacağı gözlənilir. Layihə həyata keçirildiyi təqdirdə “Trump Tower Tbilisi” Gürcüstanın ən hündür binası olacaq. Tikilinin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Mənzillərin satış qiymətlərinin ilkin mərhələdə hər kvadratmetr üçün 7-10 min dollar arasında olacağı, yuxarı mərtəbələrdə isə qiymətin 15 min dollara qədər yüksələ biləcəyi bildirilir. Layihənin əsas potensial alıcıları arasında imkanlı əcnəbilər, ekspatlar və diplomatlar göstərilir.

Qüllənin layihələndirilməsini ABŞ-ın “Gensler” memarlıq şirkəti həyata keçirir. Layihənin tərəfdaşları arasında Gürcüstanın “Archi Group” və “Biograpi Living” şirkətləri, həmçinin “The Sapir Organization”, “Blox Group” və “Finvest Georgia” yer alır.

“The Trump Organization” layihənin tikintisinə birbaşa investisiya qoymur. Şirkət “Trump” brendindən istifadə hüququ müqabilində ödəniş alır və layihənin satışlarından və gəlirlərindən pay əldə edir.

Layihənin yerləşəcəyi ərazi vaxtilə Gürcüstanın sabiq baş naziri və “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili ilə əlaqəli “Cartu” fonduna məxsus olub. “The Wall Street Journal”ın məlumatına görə, ərazi ilə bağlı sövdələşmə layihənin yerli investorları ilə İvanişviliyə bağlı struktur arasında aparılıb.

Layihə Tbilisi ilə Vaşinqton arasında münasibətlərin gərgin olduğu bir dövrdə həyata keçirilir. Bu səbəbdən ABŞ Prezidentinin ailəsinə məxsus biznesin Gürcüstandakı yeni böyük layihəsi iqtisadi əhəmiyyətlə yanaşı, siyasi baxımdan da diqqət çəkir.

Qeyd edək ki, bu, Gürcüstanda “Trump Tower” adı ilə təqdim edilən ilk layihə deyil. Donald Tramp və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili 2012-ci ildə Batumidə “Trump Tower” layihəsini təqdim etmişdilər. Lakin həmin layihə reallaşmayıb.

Xatırladaq ki, “Gensler” memarlıq şirkəti Ağdamda ilk yaşayış kompleksinin layihələndirilməsini həyata keçirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930