"Nvidia"nın rəhbərliyindəki dəyişiklik "Samsung Electronics" və TSMC kimi Asiyanın əsas yarımkeçirici təchizatçılarına dərhal ciddi təsir göstərməyəcək, lakin şirkətin uzunmüddətli məhsul strategiyası və təchizat əlaqələri barədə suallar yaranıb.
"PostMedia" xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Məqalədə qeyd olunur ki, əsas məsələ təkcə Censen Huanqın ayrılması deyil. İnvestorlar və təchizatçılar üçün önəmli sual budur ki, Huanqın süni intellekt çipləri bazarında şirkətin liderliyinə qurmağa kömək etdiyi innovasiya tempini və əsas tərəfdaşlarla yaxın əlaqələri "Nvidia" onsuz davam etdirə biləcəkmi. Müvəqqəti baş icraçı direktor Kolet Kress təyin olunub.
Cənubi Koreya brokeri "Daol Investment & Securities"in analitikləri Nam Dae-jong və Kim Yeon-mi cümə günü hesabatda bildiriblər ki, Huanqın getməsi çip sənayesinin yaxın perspektivinə təsir etməyəcək. Eyni zamanda onlar "Nvidia"nın orta və uzunmüddətli məhsul xəritəsi ilə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayıblar: yeni rəhbərliyin süni intellekt ekosistemindəki tərəfdaşlarla necə koordinasiya edəcəyi hələ aydın deyil.
Analitiklərin fikrincə, TSMC ilə əməkdaşlıq mövcud tərəfdaşlıq əsasında dəyişmədən qalacaq. Onlar həmçinin "Samsung"un çip istehsalı xidməti ilə əlaqənin davam edəcəyini gözləyirlər və bunu iki şirkət arasında artan əməkdaşlıqla, o cümlədən "Samsung"un 4 nanometrlik prosesi və növbəti nəsil yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) texnologiyası üzrə işlərlə əsaslandırırlar. Xüsusi məqsədli inteqral sxemlər (ASIC) qrafik emal blokların (GPU) alternativi kimi yüksəlir və süni intellekt çipləri bazarında diversifikasiyanı sürətləndirə bilər. Lakin analitiklər artan rəqabəti yaddaş çiplərinə, xüsusən də HBM-ə tələbin zəifləməsi kimi şərh etməyə qarşı xəbərdarlıq ediblər.
"SK Hynix" "Nvidia"nın əsas təchizatçılarından biridir və cümə günü əvvəlki artımını itirərək 3,03 % ucuzlaşıb. "Shinhan Securities"in cümə günü səhər hesabatına görə, investorlar əvvəlcə rəhbərlik dəyişikliyi ilə bağlı narahatlıqlara məhəl qoymayıb və diqqəti süni intellekt sənayesinin ümumi perspektivinə yönəldiblər. Cənubi Koreyanın "Kospi" indeksi də cümə günü əvvəlki artımını itirib. "iM Securities" bildirib ki, "Nvidia"da rəhbərlik dəyişikliyinin ümumi yarımkeçirici sektoruna təsiri məhdud görünür, keçən ABŞ sessiyasında isə AMD və "Broadcom" səhmləri bahalaşıb.
ASUS-un həmbaşçı baş icraçı direktoru (Co-CEO) S.Y. Hsu CNBC-nin "Squawk Box Asia" proqramına danışaraq bildirib ki, "Nvidia"da rəhbərlik dəyişikliyi yaxın vaxtda onun rəqabət üstünlüklərini dəyişməyəcək, lakin şirkət məhsulun keyfiyyətinə, xidmət xərclərinə və çatdırılmalara təsirə nəzarət edəcək. Hsu deyib: "Düşünürəm ki, "Nvidia"nın məhsulu və bütövlükdə süni intellekt ekosistemindəki üstünlük bir gecədə dəyişməyəcək". O əlavə edib ki, ASUS hələ müvəqqəti baş icraçı direktor Kolet Kresslə görüşməyib və potensial strateji dəyişiklikləri başa düşmək üçün görüş axtarır. Hsu uzunmüddətli perspektivdə Huanqın "Nvidia" və tərəfdaşlarının innovasiya tempini sürətləndirmək üçün mühüm rol oynadığını, indi isə şirkətin bu tempi onsuz qoruyub saxlaya biləcəyinə baxacaqlarını söyləyib.