"Nvidia"nın prezidenti və baş icraçı direktoru Censen Xuanqın "Megaspeed" şirkətinin rəhbəri Elis Xuanqla münasibətini müstəqil qaydada araşdırmağa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Nvidia məlumat yayıb.
Şirkətin dərc etdiyi bəyanata görə, şuranın araşdırması prezidenti və baş icraçı direktoru Censen Xuanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması barədə son xəbərlərlə bağlıdır. Araşdırmaya müstəqil direktorlar komitəsi rəhbərlik edəcək, komitəyə xarici müstəqil məsləhətçilər kömək edəcək.
Bəyanatda vurğulanır ki, şura ABŞ-nin milli və iqtisadi təhlükəsizliyini prioritet sayır. Şuranın milli təhlükəsizliyin və ya "Nvidia"nın sirlərinin pozulduğuna inanmaq üçün əsası olmadığı bildirilsə də, yoxlama bütün mövcud məlumatları nəzərdən keçirəcək. Bəyanata görə, Censen Xuang araşdırmanı tam dəstəkləyir və onunla əməkdaşlıq etməyi öhdəsinə götürüb.
Şura Censen Xuanqa və onun rəhbər komandasına inam ifadə edib, uyğun olduqda yeni məlumat veriləcəyini açıqlayıb.
Bundan əvvəl "The New York Times"a istinadən məlumat verilmişdi ki, Xuang "Megaspeed" rəhbəri ilə "yaxın münasibət" qurub, bəziləri bunu romantik xarakterli hesab edirdi. Məlumata görə, Elis Xuanq Çinin Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən şirkət haqqında məlumat toplamaq üçün işə cəlb edilib. ABŞ rəsmiləri hesab edir ki, o, məlumatları birbaşa Pekinə ötürürdü.
"Megaspeed" "Nvidia"nın müştərisidir və Ticarət Departamentinin bu şirkətin AI çiplərini Çinə qaçaqmalçılıqla göndərib-göndərmədiyini araşdırdığı bildirilir. ABŞ üçün bu çiplər texnoloji üstünlüyün qorunması baxımından mühüm sayılır. Həm Bayden, həm də Tramp administrasiyaları onların Çinə satışını məhdudlaşdırıb. Tramp məhdudiyyətləri bir qədər yumşaldıb, lakin "Nvidia"nın ən güclü çiplərinin Çin şirkətlərinə satışını hələ də qadağan edir. Fərdi firmaların çiplərlə işləməsi üçün isə Ticarət Departamentinin razılığı tələb olunur.