Yəmənin şimalında hakim olan şiə hərbi-siyasi "Ənsar Allah" hərəkatının (husilər) Bab-əl-Məndəb boğazı yaxınlığında və Qırmızı dənizin qərb sahilində yerləşən əsas yaşayış məntəqələrinə nəzarəti ələ keçirdiyi bildirilir.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərbi mənbə məlumat yayıb.
Mənbənin sözlərinə görə, hökumət qüvvələrinin geri çəkilməsindən sonra husilər boğazın ən dar hissəsində yerləşən strateji əhəmiyyətli Perim (Mayyun) adasını, həmçinin adaya baxan Əz-Zəafur sahilini ələ keçiriblər. Perim adası Dubab rayonunun ərazisinə daxildir. Məlumata görə, Yəmən ordusu adanın cənub hissəsinə geri çəkilib.
Eyni mənbə bildirib ki, husilərin qayıqları Qırmızı dənizdə yerləşən Haniş arxipelaqına da desant çıxarıb. Arxipelaqa Böyük Haniş, Kiçik Haniş və Cəbəl-Züqar adaları daxildir. Adalar Hodeyda vilayətinə aiddir və Qırmızı dənizin cənub hissəsindəki əsas dəniz nəqliyyatı yollarına çıxışı təmin edir.
Mənbənin iddiasına görə, "Ənsar Allah"ın hərbi-dəniz qüvvələri Yəmən sahilindən təxminən 25 dəniz mili məsafədə yerləşən arxipelaq üzərində nəzarəti ələ keçirib və 260 zabit və hərbçidən ibarət qarnizonu əsir götürüb. Bildirilir ki, hərbçilər təslim olmaları ilə bağlı bir neçə saat davam edən radio danışıqlarından sonra Hodeyda sahilinə aparılıblar.
Bu hadisələrdən əvvəl husilər Təiz vilayətinin qərbində strateji əhəmiyyət daşıyan Əl-Moxa rayonunu, o cümlədən Bab-əl-Məndəb boğazına çıxışı olan limanı ələ keçiriblər. Bundan əvvəl isə qruplaşma ölkənin qərbində yerləşən Hodeyda vilayətində nəzarətini möhkəmləndirib. Son hücum nəticəsində husilərin Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarəti gücləndirdiyi barədə məlumatlar yayılıb.
Bab-əl-Məndəb boğazının nəzarətə götürülməsi beynəlxalq gəmiçilik baxımından ciddi strateji əhəmiyyət daşıyır. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Asiya ilə Avropa arasındakı mühüm dəniz ticarəti marşrutlarından biridir.
Məlumata görə, husilər iyulun ortalarından etibarən Yəmən hökuməti və Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrə qarşı hərbi əməliyyatları intensivləşdiriblər. Bu, dörd illik nisbi sakitlikdən sonra baş verib. Hücumların intensivləşməsi Səudiyyə Ərəbistanının Qırmızı dəniz istiqamətindəki enerji və dəniz nəqliyyatı marşrutları üçün də əlavə risklər yaradıb.