Hörmüz boğazının şərqində tanker mina ilə toqquşub və gəmidə yanğın başlayıb.
"PostMedia" "Fars"a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata görə, tanker şənbə günü İran hakimiyyətləri ilə razılaşdırılmamış marşrutla hərəkət edərkən Hörmüz boğazının şərqində mina ilə toqquşub. Toqquşmadan sonra gəmidə yanğın başlayıb və tanker dayanıb.
Hərbi Dəniz Qüvvələrinin bildirdiyinə görə, tanker xəbərdarlıqlara məhəl qoymayıb, təhlükəli və qadağan olunmuş zonaya daxil olub, ekipaj isə izləmə və identifikasiya sistemlərini söndürüb. Qüvvələr əlavə edib ki, İranın müəyyən etdiyi qaydalara riayət etməyən hər bir gəmi oxşar risklə üzləşə bilər. Onların sözlərinə görə, tanker sahibləri ABŞ-nin təminatlarına inansalar da, təhlükəli marşrutları seçməkdə davam edirlər.
SEPAH da dəfələrlə xəbərdarlıq edib ki, Omanın yaxınlığından, Hörmüz boğazının cənubundan keçən dəniz yolu təhlükəlidir. Korpus boğazın silahlı qüvvələrin nəzarəti və tam kontrolu altında qaldığını vurğulayıb.
Digər mənbələrə görə, BMT ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra Hörmüz boğazında və ətrafında 25 dənizçinin həlak olduğunu bildirib. BMT-nin nümayəndəsi Xaled Xiyari vəziyyətin yeni norma halına gəlməsinin qəbuledilməz olduğunu vurğulayıb. İranın məlumatına görə isə, həmin ərazidə daha üç gəmi mina ilə toqquşub.