Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Maya Sandu ilə əvvəlki görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb.
Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxunub və bu əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.
Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycan və Moldova prezidentləri ikitərəfli münasibətlərin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

