6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Viktor Orbanın qardaşı viza sxemi işi üzrə həbs edilib

Viktor Orbanın qardaşı viza sxemi işi üzrə həbs edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Budapeşt məhkəməsi Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orbanı və onun birgə yaşadığı qadını nüfuz alverı və insanların qanunsuz daşınması şübhəsi ilə bir ay müddətinə həbs edib.

"PostMedia" "Telex"ə istinadən xəbər verir ki, bu barədə nəşrə paytaxt məhkəməsinin mətbuat katibi məlumat verib.

Viza biznesi işi üzrə digər şübhəlilərdən biri məhkəmə nəzarəti altına verilib. Ona dörd ay ərzində ölkəni tərk etmək qadağan edilib, üstəlik elektron qolbaq taxacaq. Dördüncü şübhəli isə istintaq dövründə azadlıqda qala biləcək.

Məhkəmə iclasından sonra Aron Orbanın vəkili Eva Edit Şalhaz "Telex"ə bildirib ki, müdafiə etdiyi şəxs iş üzrə ifadə verib. Vəkilin fikrincə, istintaqda şübhələri və həbs zərurətini əsaslandırmaq üçün kifayət qədər sübut yoxdur.

"Şəxsin özü hakimiyyət orqanlarına yazılı müraciət edib və istintaq üçün lazım olan hər şeyi təqdim etməyi, şəxsən gəlib sübutları təhvil verməyi təklif etdiyi bir vəziyyətdə qaçmaq, gizlənmək, təzyiq göstərmək və hətta sübutları məhv etmək riskinin olduğunu iddia etmək absurddur", — deyə Şalhaz bildirib.

Çərşənbə günü səhər Orbanı və digər şübhəliləri ayrı-ayrı polis mikroavtobuslarında Budanın Mərkəzi Rayon Məhkəməsinə gətiriblər. Onları binaya qandallı şəkildə daxil ediblər. Orbanın birgə yaşadığı qadın üzünü paltarla örtüb, keçmiş baş nazirin qardaşı isə jurnalistlərdən gizlənməyə çalışmayıb, lakin suallara cavab verməyib.

İstintaq versiyasına görə, şübhəlilər 2024-cü ildə bir neçə ay ərzində Vyetnam vətəndaşlarına Macarıstan vasitəsilə Qərbi Avropaya daxil olmaqda kömək ediblər. Güman edilir ki, onlar Macarıstanın diplomatik nümayəndəliklərində vizaların rəsmiləşdirilməsinə yardım edərək hər nəfərdən "cəlb haqqı" adlanan məbləğ alıblar, sonra isə pulu öz aralarında bölüşdürüblər. Hakimiyyət orqanlarının məlumatına görə, Vyetnamın 100-dən çox vətəndaşı belə kömək ala bilərdi.

Paytaxt Baş Prokurorluğu şübhəlilərin həbsini tələb edərkən iddia edilən cinayətlərin ağırlığına, beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası ehtimalına və şübhəlilərin geniş xarici əlaqələrinə istinad edib. Paytaxt məhkəməsinin mətbuat katibi Gerge Bozo iclasdan sonra bildirib ki, iki şübhəli barədə həbs qərarı sübutların toplanması prosesinə müdaxilə riski səbəbindən qəbul edilib.

Bazar ertəsi səhər Macarıstanın Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Fótligetdə Aron Orbanın şirkəti ilə bağlı əmlaka gəliblər. Milli İstintaq Bürosu ilə Aktivlərin Qaytarılması və Qorunması üzrə Milli İdarənin birgə əməliyyatı zamanı Budapeştdə, Fótda və Dunakesidə dörd nəfər saxlanılıb. Uzun müddət yalnız güman edilirdi ki, şübhəlilər arasında keçmiş baş nazirin qardaşı da var. Sonradan HVG-nin jurnalisti onu Dyörşkoç küçəsindəki təcridxanaya aparılarkən çəkib.

Saxlanılmanın ertəsi günü Orbanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs həbsdən bir neçə həftə əvvəl Aktivlərin Qaytarılması və Qorunması üzrə Milli İdarə ilə əlaqə yaradıb. Onun sözlərinə görə, o, bütün əlaqə məlumatlarını təqdim edib, harada və hansı vaxtda olduğunu bildirib, evində və şirkətin ofisində axtarış zamanı əhəmiyyət kəsb edə biləcək hansı sənəd və əşyaların saxlanıldığını da danışıb. Orban istintaqa çağırışla gəlməyə hazır olduğunu da bildirmişdi, buna görə müdafiə tərəfi həbs əməliyyatının nə üçün tələb olunduğunu anlamır.

Viktor Orban "Facebook"da yazıb ki, əməliyyatın əsl hədəfi özüdür, qardaşı isə yalnız alətdir. Lakin vəkil şübhələrin keçmiş baş nazirlə əlaqəsini təkzib edib. "Onun adı iş materiallarında ümumiyyətlə çəkilmir", — deyə Şalhaz bəyan edib.

İstintaq hələ 2024-cü ildə Mərkəzi İstintaq Baş Prokurorluğunun rəhbərliyi ilə başlayıb, lakin uzun müddət praktiki olaraq irəliləməyib. "Telex"in məlumatına görə, ötən ilin fevralında Aron Orbanla əlaqəli şirkətin adından viza rəsmiləşdirilməsində və işə düzəlməkdə kömək vəd edilmiş Vyetnam vətəndaşlarından pul qəbul olunması davam edib.

Müəllif
Jalə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30