ABŞ-nin Ticarət naziri Hauard Lutnikə "Nvidia" şirkətinin prezidenti və baş icraçı direktoru Censen Xuanın şübhəli Çin casusu sayılan Elis Xuanla münasibəti barədə yüksək məxfiliyə malik memorandum göndərilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, sənədin hazırlanmasına Dövlət katibi Marko Rubio nəzarət edib. Memorandumda Censen Xuanın Elis Xuanla münasibəti təsvir olunur. "The New York Times"a istinadən, ABŞ kəşfiyyat orqanlarının rəsmiləri Elis Xuanın Çin kəşfiyyatının agenti olduğuna inanır. Hauard Lutnik həssas amerikan texnologiyalarının düşmən ölkələrin əlinə keçməsinin qarşısını alan qurumu idarə edir.
Memorandum Elis Xuana qarşı aparılan müşahidəyə və onun şirkəti olan "Megaspeed"lə bağlı çip qaçaqmalçılığı araşdırmasına əsaslanır. Sənəd ABŞ Prezidenti Donald Trampın mayın 13–15-də Çinə səfərindən əvvəl dövriyyəyə buraxılıb.
Dövlət katibi Marko Rubio eyni zamanda Donald Trampı Ançorac şəhərində yanacaq doldurma dayanacağından əvvəl "Air Force One" təyyarəsində birbaşa xəbərdar edib. Censen Xuan həmin dayanacaqda nümayəndə heyətinə qoşulub, halbuki əvvəlcə ona səfərdə iştirak üçün dəvət göndərilməmişdi.
Xəbərin digər məqamı Ticarət Nazirliyinin "Nvidia"nın H200 çiplərinin Çinlə əlaqəli təxminən 10 şirkətə satışına icazə verməsidir. Mayın 14-də bildirilib ki, bəzi ixrac icazələri xəbərdarlıqdan əvvəl verilib. Nvidia fevralda H200 ixrac lisenziyası aldığını açıqlayıb, Censen Xuan martda müsahibəsində şirkətin Çinli müştərilərin lisenziyalarla əhatə olunduğunu deyib. Hazırda aydın deyil ki, bu icazələr təhlükəsizlik risklərinin qiymətləndirilməsi ilə necə uzlaşdırılıb.