ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putini dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib və Rusiya liderinin dəvəti qəbul edəcəyinə ümid etdiyini deyib.
"PostMedia" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“Biz Prezident Putini G20-yə dəvət etmişik. Düşünürük ki, bu, onun təkcə prezidentlə [Donald Trampla] deyil, həm də digər dünya liderləri ilə ünsiyyət qurması üçün bir fürsətdir. Ümid edirik ki, o, bu dəvəti qəbul edəcək və belə olarsa, dekabr ayında bu imkana sahib olacaq”, – Rubio Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə bildirib.
Dövlət katibinin sözlərinə görə, Tramp ümumilikdə ABŞ-ın ciddi fikir ayrılıqları yaşadığı ölkələrin liderləri ilə görüşməyə hazırdır. Rubio qeyd edib ki, prezident beynəlxalq problemlərin həlli üçün birbaşa dialoqu zəruri hesab edir.
“Prezident Tramp demək olar ki, hər kəslə görüşməyə və ünsiyyət qurmağa hazırdır”, – Rubio deyib və əlavə edib ki, Putinlə görüşün konkret məqsədi və nəticəsi olmalı, buna hazırlıqdan əvvəl isə ciddi danışıqlar aparılmalıdır.
Bununla yanaşı, Dövlət katibi Tramp və Putinin görüşünün mütləq baş tutacağını deməkdən çəkinib. Onun sözlərinə görə, Rusiya prezidentinin G20 sammitində mümkün iştirakı özlüyündə iki liderə görüşmək və söhbət etmək imkanı verəcək.
Tramp administrasiyası Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu hələ aprel ayında açıqlamışdı. Həmin vaxt “The Washington Post” administrasiya nümayəndələrinə istinadən Rusiyanın dekabr ayında keçiriləcək G20 liderlər görüşünə dəvət olunacağını yazmışdı. Lakin həmin vaxt rəsmi dəvətlər hələ göndərilməmişdi.
G20 sammiti dekabr ayında Floridada keçiriləcək. Tramp 2025-ci ilin sentyabrında ABŞ-ın görüşü özünə məxsus “Trump National Doral Miami” kompleksində keçirəcəyini açıqlamışdı. CBS News sammitin 2026-cı il dekabrın 14–15-də keçirilməsinin planlaşdırıldığını bildirmişdi.