Ukraynadakı müharibə Rusiyanın qələbəsi ilə başa çatmayacaq, çünki cəbhədə Rusiya ordusunun vəziyyəti yaxşı deyil.
"PostMedia" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio WABC radiosuna müsahibəsində deyib.
“Bu müharibə hər iki tərəf üçün zərərlidir. Aydındır ki, müharibə Ukraynaya zərər vurur və Rusiya üçün dağıdıcıdır. Buna görə də onu dayandırmaq tamamilə məntiqlidir. Lakin təəssüf ki, xarici siyasətdə və bu kimi məsələlərdə hər zaman məntiqli olan baş vermir”.
Onun sözlərinə görə, hərbi əməliyyatlar sonda danışıqlar yolu ilə başa çatacaq.
“Bu nə qədər tez baş versə, bir o qədər az insan həlak olacaq və dağıntılar da bir o qədər az olacaq”, – Rubio vurğulayıb.
O, ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukrayna ilə Rusiya arasında mövcud fikir ayrılıqlarını həll etməyə çalışmaqda davam edəcəyini bildirib. Bununla belə, Rubio hazırda Moskva ilə Kiyevin sülh sazişindən uzaq olduğunu etiraf edib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb. Görüş zamanı Ağ Evin rəhbəri Rusiya ilə Ukrayna arasında “razılaşma” əldə olunmasının mümkünlüyündən danışıb.
“Bunun konkret olaraq nələri əhatə edəcəyini demək istəmirəm. Biz bunu, o cümlədən Prezident Putinlə də çox müzakirə edirik”, – Tramp deyib və müharibəni başa çatdırmaq üçün “vaxtın çatdığını” əlavə edib.
Zelenski isə Kiyev və Vaşinqtonun qarşıdakı qışdan əvvəl “mənasız Rusiya müharibəsini” başa çatdırmaq istədiyini bildirib.
“Diplomatiyaya yol aça biləcək mümkün deeskalasiya addımlarını müzakirə etdik”, – Ukrayna Prezidenti qeyd edib.
Zelenski həmçinin ABŞ-ın Rusiyaya enerji sahəsində atəşkəs təklifini çatdıracağını bildirib.
“Onlar bizim enerji sistemimizə zərbələr endirməsələr, biz onların neft emalı zavodlarına və enerji sisteminə zərbələri dayandırmağa hazırıq”, – Zelenski deyib.
O, həmçinin ABŞ-ın Rusiyanı Ukrayna ilə danışıqlara sövq etmək üçün bir yol tapacağına ümid etdiyini bildirib.