Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-dən Almaniyada "Patriot" hava hücumundan müdafiə sistemi üçün "PAC-3 MSE" ələkeçirici raketlərinin istehsalına icazə verməsini xahiş edib.
"PostMedia" "Defence News"a istinadən xəbər verir ki, Pistoriusun sözlərinə görə, əlavə istehsal imkanlarının yaradılması bu silahların qlobal bazardakı çatışmazlığının azaldılmasına kömək edə bilər.
Pistorius bu təkliflə çərşənbə günü Berlində çıxış edib. O, ötən həftə Pentaqonda ABŞ-ın müdafiə naziri Pit Heqsetlə keçirdiyi görüş zamanı əldə olunan razılaşmanın əlavə detallarını açıqlayıb.
Alman nazirin sözlərinə görə, razılaşmalar Berlinin Almaniyada "Patriot" sisteminin bütün əsas komponentlərini, o cümlədən PAC-2 və PAC-3 ələkeçirici raketlərini, eləcə də buraxılış qurğularını istehsal etməyə hazır olduğunu göstərir. Bundan başqa, Almaniya istehsal gücünün məhdudluğu səbəbindən müttəfiqlərə tədarükündə çətinlik yaranan digər ABŞ silahlarının da istehsalını həyata keçirməyə hazırdır.
Almaniyanın "MBDA" şirkəti artıq ABŞ-ın "Raytheon" şirkətinin lisenziyası əsasında PAC-2 ələkeçirici raketləri istehsal edir. Daha müasir və bahalı PAC-3 MSE raketlərini isə ABŞ-ın "Lockheed Martin" şirkəti istehsal edir. Şirkətin Almaniyanın "Rheinmetall" şirkəti ilə, o cümlədən raket istehsalı sahəsində əməkdaşlıq sazişi var.
Bununla belə, PAC-3 raketlərinin istehsalının Almaniyaya və ya digər Avropa ölkəsinə köçürülməsi barədə qərar ilk növbədə ABŞ hökumətinin və "Lockheed Martin"in mövqeyindən asılı olacaq. Konkret şərtlər istehsal prosesinin hansı hissəsinin ABŞ hüdudlarından kənarda həyata keçirilə biləcəyini də müəyyən edəcək.
"Patriot" ələkeçiricilərinin texniki xüsusiyyətləri ən ciddi qorunan hərbi sirlərdən biri hesab olunur. Bu məlumatların açıqlanması potensial rəqiblərə həmin raketlərə qarşı mübarizə vasitələri hazırlamaqda kömək edə bilər.
İstehsalın genişləndirilməsinin kommersiya tərəfi də var. "Patriot" sistemi onilliklərdir onun istehsalçılarına və ABŞ hökumətinə əhəmiyyətli gəlir gətirir.
Bundan əvvəl Ukrayna hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Ukraynaya lisenziya əsasında "Patriot" ələkeçiricilərinin istehsalına icazə verəcəyinə söz verdiyini açıqlamışdı. Lakin mümkün razılaşmanın detalları hələlik məlum deyil.
"Patriot" ələkeçiriciləri Ukraynanın hava hücumundan müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır. Ukrayna bu sistemlərdən şəhərləri Rusiya raket zərbələrindən qorumaq üçün istifadə edir.