ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin Palatada müzakirəyə çıxarılmasını dəstəkləyib.
"PostMedia" xəbər verir ki, Komitənin saytında dərc olunan qərara əsasən, səsvermənin nəticəsi 7:3 olub və qanun layihəsinin müzakirə qaydası ilə bağlı bütün etirazlar aradan qaldırılıb.
Beləliklə, qanun layihəsi Nümayəndələr Palatasının tam tərkibinin müzakirəsinə təqdim ediləcək.
Qaydalar Komitəsi Palatada qanun layihələrinin müzakirə qaydalarının müəyyənləşdirilməsinə cavabdehdir. Komitə, o cümlədən sənədlərin müzakirə və səsvermə müddətlərini, eləcə də qanun layihələrinin qəbulu ilə bağlı digər prosedur məsələləri müəyyən edir.
“Bloomberg” cümə günü mənbələrə istinadən yazıb ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin səsverməsi artıq bu həftə keçirilə bilər.
Qanun layihəsi bu ilin yayında ABŞ Senatında təsdiqlənib. Sənəd, digər müddəalarla yanaşı, Rusiya ilə fəal ticarət aparan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.
Həm respublikaçılar, həm demokratlar, həm də "Ağ Ev" tərəfindən dəstəklənən qanun layihəsi ilə bağlı daha əvvəl tənqidlər səsləndirilib. Tənqidçilər hesab edirlər ki, sənəd qəbul edilərsə, ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının tətbiqi ilə bağlı daha geniş səlahiyyətlər əldə edə, eyni zamanda neftin qiyməti arta bilər.
ABŞ Ticarət Palatası layihədən gömrük rüsumları ilə bağlı səlahiyyətlərin çıxarılmasına çağırıb. Təşkilat bunun əvəzinə hədəfli sanksiyalara, mövcud məhdudiyyətlərdən yayınma hallarının qarşısının alınmasına və Rusiya enerji resurslarının alıcıları ilə diplomatik işə diqqət yetirilməsini təklif edib.