Kanada Avropa İttifaqı ilə "görünməmiş ittifaq" yaratmaq niyyətindədir.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni "CBC"yə açıqlamasında bildirib.
"Bizim qarşıya qoyduğumuz və danışıqlara başlamağa hazırlaşdığımız məqsəd Avropa İttifaqı ilə görünməmiş ittifaq yaratmaqdır. Biz eyni dəyərləri bölüşür, eyni prioritetlərə malikik və bir-birimizi tamamlayan güclü tərəflərimiz var", - deyə Karni bildirib.
Baş nazir eyni zamanda vurğulayıb ki, Ottava "Avropa İttifaqına üzv olmağa can atmır".
Bundan əvvəl "Bloomberg" agentliyi Avropa İttifaqı və Kanadanın sentyabrın 16-da ticarət, müdafiə və texnologiyalar sahələrində strateji ittifaqın yaradılmasını elan etməyi planlaşdırdığını yazıb. Agentliyin məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen yeni tərəfdaşlıq proqramını Strasburqda təqdim edəcək.
Bildirilir ki, tərəflər mümkün qədər sıx əməkdaşlığa nail olmağa çalışırlar. Bununla belə, Kanadanın Avropa İttifaqına tamhüquqlu üzvlüyündən söhbət getmir.
Bu proses ABŞ-ın avqust ayında ümumi dəyəri 27,6 milyard dollar olan Kanada mallarına 50%-lik gömrük rüsumları tətbiq etmək qərarından sonra sürətlənib.