Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşmaya dair təkliflərə dəyişiklik edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Fars körfəzi ölkələrindən birinin rəsmisi mənə bildirib ki, Səudiyyə Ərəbistanı Oman-İran təklifinə dəyişiklik edib. Buna səbəb təqdim olunan formulaların boğazda yeni status-kvonun faktiki təsdiqlənməsinə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıq olub. Bu isə nə Səudiyyə Ərəbistanı, nə də Körfəz Əməkdaşlıq Şurasının digər dövlətləri üçün qəbuledilməzdir".
Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı və Omanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və Bəhreyn daxildir.
Bu arada Oman xarici işlər naziri Bədr əl-Busəidi bildirib ki, bazar ertəsi ölkənin Salalah şəhərində İran və Fars körfəzi ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan regional görüş təxirə salınıb. Görüşdə İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı əldə olunan razılaşmaların müzakirəsi nəzərdə tutulurdu.
"Razılığın əldə olunması maraqları naminə Salalahda keçirilməsi planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionda sabitliyə və davamlı əməkdaşlığa xidmət edən dialoqun təşviqinə sadiq qalırıq", - əl-Busəidi "X"də yazıb.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bazar ertəsi keçiriləcək görüşdə Fars körfəzi ölkələrinə Tehranla Maskat arasında əldə olunan razılaşmanın detalları barədə məlumat veriləcəyini bildirmişdi. O, eyni zamanda razılaşmanın "heç bir halda" Hörmüz boğazının tam açılması anlamına gəlmədiyini vurğulamışdı.
Bundan əvvəl İran və Oman hakimiyyətlərinin Hörmüz boğazında gəmilər üçün müvəqqəti marşrut müəyyən edən razılaşmanın əsas parametrləri üzrə razılığa gəldiyi bildirilmişdi. Tehran vurğulamışdı ki, bu marşrutun tətbiqi ABŞ-ın Omanla birlikdə daha əvvəl hazırladığı alternativ marşruta ehtiyacın aradan qalxması demək olacaq.
İran hakimiyyəti isə boğazın yalnız ABŞ-la münaqişə başa çatdıqdan sonra tam şəkildə açılacağını bəyan edib.