Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna endirdiyi zərbələrə cavab veriləcəyini bildirib.
"PostMedia" yerli KİV-lərə istinadən xəbə verir ki, bunu Zelenski cümə günü amerikalı siyasi şərhçi Fərid Zəkəriyyə ilə söhbətində bildirib.
"Ukrayna Rusiyanın zərbələrinə layiqli cavab vermək üçün imkanlar tapmağı öyrənib. Mən bunu onların bu gün törətdiyi humanitar fəlakətlərlə müqayisə etmirəm. Ukrayna belə bir şey etmir. Amma buna baxmayaraq, Ukrayna Rusiyanın istənilən hərəkətinə cavab vermək iqtidarındadır".
"Rusiya bilir ki, əgər onlar zərbə endirsələr, qışda enerji sistemimizə zərbələr endirməyə hazırlaşırlar, Rusiya eyni cavabı alacaq. Əgər onlar bizi işıqsız qoymağa çalışsalar, biz buna layiqli cavab verməyə çalışacağıq", - deyə Ukrayna Prezidenti əlavə edib.
Zelenski eyni zamanda Ukraynanın hər zaman sülh danışıqlarına və müharibənin başa çatmasına hazır olduğunu vurğulayıb.
"Əgər Rusiya müharibəni başa çatdırmaq istəmirsə, o zaman tərəfdaşlar vasitəsilə ona yanaşma yolu tapmaq lazımdır. Əgər bunu etmək çətindirsə, heç olmasa bu gün addım-addım irəliləmək lazımdır. Qara dənizin blokadasını aradan qaldırmaq və enerji atəşkəsi üçün imkan tapmaq lazımdır", - deyə Zelenski bildirib.
Bu açıqlama Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna hücumlarını artırdığı bir vaxtda səslənib. Son günlər Rusiya zərbələri nəticəsində Ukraynanın müxtəlif bölgələrində enerji və digər infrastruktura ziyan dəyib.