Fransada meteoroloji müşahidələrin başladığı 1900-cü ildən bəri ən isti və ən günəşli yay qeydə alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin milli meteoroloji xidməti "Météo France" məlumat yayıb.
Yay ərzində havanın maksimal temperaturu dəfələrlə rekord həddə çatıb. Mövsüm üzrə orta temperatur iqlim normasından 4,8°C yüksək olub. Anomal isti hava ümumilikdə 53 gün davam edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Müqayisə üçün, daha əvvəl ən isti yaylardan biri hesab olunan 2022-ci ildə belə hava şəraiti 33 gün davam etmişdi.
Yağıntıların miqdarı normadan 40% az olub. Ölkənin demək olar ki, bütün ərazisində görünməmiş quraqlıq müşahidə edilib. Fransanın sahilyanı ərazilərində dəniz suyunun temperaturu da rekord həddə çatıb.
İsti hava və quraqlıq meşə yanğınlarının geniş yayılmasına səbəb olub. "Météo France"ın məlumatına görə, 2026-cı il yanğınlardan zərər çəkən ərazilərin sahəsinə görə rekord il ola bilər. Yanğınlar artıq 100 min hektardan çox ərazini əhatə edib. Atlantik okeanı sahillərində baş verən iri meşə yanğınları səbəbindən 224 min nəfər təxliyə edilməli olub.
Meteoroloji xidmət vurğulayıb ki, iqlim dəyişmələrinin təsiri olmadan belə bir yayın baş verməsini təsəvvür etmək demək olar ki, mümkün deyil. Bununla belə, mövcud iqlim şəraitində belə bu cür hava hadisəsi hələ də olduqca nadir hesab olunur.
Mütəxəssislərin fikrincə, yay aylarından kənarda, məsələn, may ayında və ya sentyabrın əvvəlində anomal isti havaların qeydə alınması da iqlim dəyişmələrinin əlamətlərindən biridir.