Yeni tədqiqata görə, ABŞ-də uşaqlar və yeniyetmələr rəqəmsal platformalarda hər il orta hesabla 3 883 qida reklamı ilə qarşılaşır.
"PostMedia" xəbər verir ki, bu barədə JAMA Pediatrics jurnalında dərc olunmuş tədqiqata istinadən "JAMA Pediatrics" portalı məlumat yayıb.
Tədqiqatı Çikaqo Illinoys Universitetinin Qida Siyasəti Tədqiqat Proqramının direktoru Lisa Pauell aparıb. Mütəxəssislər ekran yazısı üsulundan istifadə edərək 8-17 yaşlı 1 011 gəncin smartfon və planşetlərdə 30 dəqiqəlik istirahət zamanı qarşılaşdığı reklamları qeydə alıblar.
Nəticələrə görə, 8-12 yaşlı uşaqların illik qida reklamı ilə təması 1 427, 13-17 yaşlı yeniyetmələrin isə 10 107 təşkil edib. Tədqiqatda həmçinin qızların oğlanlara nisbətən və ali təhsilli valideynləri olmayan gənclərin daha çox reklam gördüyü müəyyən edilib.
Reklam olunan məhsulların təxminən 92 %-i sağlam hesab edilmir. Ən çox fast-food (28,8 %), şirniyyat (20,4 %) və içkilər (20,1 %) reklam olunub. Reklamların təxminən 83 %-i sosial şəbəkələr vasitəsilə, əsasən "TikTok" və "YouTube" ilə yayılıb.
Tədqiqatçılar hesab edir ki, sənayenin özünütənzimləmə təşəbbüsləri uşaqların sağlamsız qida reklamlarına məruz qalmasının qarşısını almır. Pauell rəqəmsal reklamın nəzarətinin televiziyaya nisbətən daha çətin olduğunu vurğulayıb.
Mütəxəssislər uşaqlıqda formalaşan qidalanma vərdişlərinin ürək-damar xəstəlikləri, 2-ci tip diabet və piylənmə riskinə təsir etdiyini xatırladır. Valideynlərə övladlarının rəqəmsal qida reklamlarına məruz qalmasını nəzarətdə saxlamaq tövsiyə olunur.
Mütəxəssislər xroniki xəstəliyi olanlara pəhrizi dəyişməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edir.