Rusiya və Çin tərəfindən təşəbbüs göstərilən Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması layihəsinə BRİKS ölkələri də daxil olmaqla, ümumilikdə 13 ölkə qoşulub.
"PostMedia" Tass informasiya agentliyinə istinadən xəbər verir ki, “Roskosmos”un baş direktoru Dmitri Bakanov bu barədə BRİKS ölkələrinin kosmik agentlik rəhbərlərinin görüşündə bildirib: "Çinlə birgə irəli sürdüyümüz Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması təşəbbüsü fəal şəkildə inkişaf edir”.
Onun sözlərinə görə, artıq 13 ölkə bu təşəbbüsə qoşulub: Azərbaycan, Belarus, Boliviya, Venesuela, Cibuti, Misir, Nikaraqua, Pakistan, Seneqal, Serbiya, Tailand, Cənubi Afrika Respublikası və Efiopiya. Bu ölkələrin bir neçəsi BRİKS üzvləridir (Efiopiya, Misir, CAR).
O həmçinin bildirib ki, Hindistan, BƏƏ və Çinə məxsus kosmik aparatlar artıq Marsa çatıb və bu ölkələr Ayın tədqiqi sahəsində də təcrübəyə malikdirlər.
“Roskosmos” rəhbəri eyni zamanda kosmik və əlaqəli sahələrdə kadr potensialının hazırlanması və birgə tələbə proqramlarının inkişafı üzrə əməkdaşlığa çağırıb. Onun sözlərinə görə, hazırda Rusiya universitetlərində BRİKS ölkələrindən 85 mindən çox tələbə təhsil alır və onların yarıdan çoxu Çin və Hindistandandır.