Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışaraq Ermənistana böyük yük axınları və dəmir yolu infrastrukturuna investisiyalar vəd etməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə müsahibəsində bildirib.
“Ölkəmizi regiondan çıxarmaq kimi geosiyasi məqsədlər güdərək, onlar ‘qızıl dağlar’ vəd etməyə – genişmiqyaslı yük axınlarından, dəmir yolu xətlərinin tikintisinə və bərpasına investisiyalardan danışmağa hazırdırlar”, – deyə diplomat bildirib.
Kaluqinin fikrincə, məhz Qərb tərəfdaşları Ermənistan rəhbərliyinə Rusiya ilə əməkdaşlığın “zəhərli” olması barədə arqumentlər təqdim edə bilər. O, həmçinin bildirib ki, İrəvan iqtisadi dəstək vədləri müqabilində faktiki olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmağa təşviq edilir.
Kaluqin iddia edir ki, sanksiya siyasəti artıq bu siyasəti həyata keçirən ölkələrə, ilk növbədə isə Avropa İttifaqı dövlətlərinə ciddi ziyan vurub. Onun sözlərinə görə, hazırda Avropada sanksiyalara münasibətdə ictimai əhval-ruhiyyənin dəyişməsi müşahidə olunur və diplomat bunu Aİ-nin aparıcı ölkələrində gedən daxili siyasi proseslərdə əksini tapdığını düşünür.
Diplomat Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin perspektivlərini qiymətləndirərkən ilk növbədə coğrafiya və iqtisadiyyatın nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun fikrincə, uzunmüddətli perspektivdə regional marşrutların inkişafını siyasi qərarlardan daha çox məhz bu amillər müəyyən edəcək.
“Yükdaşıyanlar üçün dəyər, müddət, buraxılış qabiliyyəti, qrafikin proqnozlaşdırılmasına təsir edən əlavə gömrük prosedurlarının olub-olmaması kimi parametrlər həlledici əhəmiyyət daşıyır”, – Kaluqin bildirib.
O əlavə edib ki, siyasi konyunkturadan asılı olmayaraq, nəqliyyat marşrutlarının seçimində iqtisadi səmərəlilik əsas amil olacaq.
Ermənistanın dəmir yolu infrastrukturu “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyindədir. Ermənistan 2008-ci ildə dəmir yolu infrastrukturunu 30 il müddətinə, daha 10 il uzadılmaq imkanı ilə şirkətin konsessiya idarəçiliyinə verib.