Regional əməkdaşlıq üzrə “3+3” platformasında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistan müəyyənləşdirməlidir. Rusiya isə lazımi dəstəyi göstərməyə hazırdır.
"PostMedia" xəbər verir unu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə müsahibəsində bildirib.
“‘3+3’ iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyini hazırda Bakı və İrəvan müəyyənləşdirməlidir. Biz tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”, – deyə diplomat bildirib.
Kaluqinin sözlərinə görə, format çərçivəsində əməkdaşlıq genişlənir. İyun ayında PМİT çərçivəsində bütün altı ölkənin, o cümlədən Gürcüstanın politoloqlarının iştirakı ilə “3+3” ekspert “treki” fəaliyyətə başlayıb.
Bundan əlavə, diplomat bildirib ki, oktyabr ayında Moskvada keçiriləcək “Rusiya Enerji Həftəsi” beynəlxalq forumu çərçivəsində format daxilində enerji əməkdaşlığı məsələlərinə həsr olunmuş ilk görüşün keçirilməsi planlaşdırılır.
Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən “3+3” formatı 2020-ci ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Gürcüstan dəfələrlə iştirak etməyə dəvət olunub, lakin hələlik platformanın fəaliyyətinə qoşulmayıb.
Altı ölkənin nümayəndələrinin xarici işlər nazir müavinləri səviyyəsində ilk görüşü 2021-ci ilin dekabrında Moskvada keçirilib. 2023-cü ilin oktyabrında Tehranda xarici işlər nazirlərinin ilk görüşü baş tutub. Sonuncu iclas isə 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilib.