İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Qüvvələrinin koordinasiyası üzrə komandir müavini, briqada generalı İraj Məscidi ABŞ-nin İrana qarşı quru müdaxiləsinə başlayacağı təqdirdə məğlub olacağını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
“Amerikalılar belə bir addım atarsa, İslam Respublikası və Müqavimət Cəbhəsi güclü şəkildə mübarizəyə qoşulacaq və qarşı tərəf, şübhəsiz ki, məğlub olacaq”, – Məscidi deyib və Vaşinqtonu “belə axmaq addım” atmamaq barədə xəbərdar edib.
General bildirib ki, SEPAH-ın “Qüds” Qüvvələri ABŞ-nin mümkün quru əməliyyatına qarşı mübarizəyə hazırdır. Onun sözlərinə görə, İran hazırda əvvəlki onilliklərlə müqayisədə daha güclüdür və eyni vəziyyət “Müqavimət Cəbhəsi”nə də aiddir.
Məscidi İranın müttəfiqi olan silahlı qruplaşmaların regional şəbəkəsinin hərbi əməliyyatlar və ya ayrı-ayrı komandirlərin öldürülməsi nəticəsində zəifləyə biləcəyi barədə ehtimalları da rədd edib. Onun fikrincə, “Müqavimət Cəbhəsi” “güclü qüvvəyə” çevrilib və regional, eləcə də beynəlxalq arenada mühüm amil olaraq qalır.
Məscidinin açıqlaması ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatlarının müzakirə edildiyi bir vaxtda səslənib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı sonrakı addımların müxtəlif variantlarını nəzərdən keçirdiyini bildirib. İran hakimiyyəti də öz növbəsində mümkün yeni hücuma cavab verməyə hazır olduğunu dəfələrlə açıqlayıb.
Məscidi vurğulayıb ki, quru müdaxiləsi baş verəcəyi təqdirdə İran və onunla əlaqəli regional qüvvələr birgə fəaliyyət göstərəcək.
ABŞ-ın qaçılmaz məğlubiyyəti ilə bağlı fikir isə İranlı generalın şəxsi qiymətləndirməsidir.