Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın yaratdığı təhlükə ilə bağlı bəyanatlardan Qərbin siyasi rəhbərliyi vətəndaşların diqqətini Moskva ilə bağlı öz siyasətindən yayındırmaq üçün istifadə edir.
"PostMedia" xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Biz heç kimi təhdid etmirik və heç kimə hücum etmək niyyətində deyilik – nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə”, – Putin “Valday” Diskussiya Klubunun plenar iclasında deyib.
Bununla yanaşı, Rusiya Prezidenti ölkəsinə qarşı təcavüz olacağı təqdirdə Moskvanın cavab verəcəyini bildirib.
“Lakin biz təcavüzlə üzləşsək, cavab verməyə məcbur olacağıq. Avropa ölkələrinin vətəndaşları bunu aydın şəkildə anlamalı və bizim mövqeyimizi öz ölkələrinin hazırkı siyasi rəhbərliyinin mövqeyindən fərqləndirməlidirlər”, – Putin deyib.
Onun sözlərinə görə, Avropada Rusiyanın mövqeyini anlayırlar. Putin bunu Avropanın ən böyük ölkələrində keçirilən seçkilərin nəticələri və cəmiyyətdəki əhval-ruhiyyə ilə əsaslandırıb.
Putin həmçinin bildirib ki, Qərbin siyasi rəhbərliyi Rusiya təhlükəsi mövzusundan vətəndaşların diqqətini öz qərar və fəaliyyətlərindən yayındırmaq üçün istifadə etməyə çalışır.