İran Pakistan Quru Qoşunlarının Baş Komandanı feldmarşal Asim Münirə Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı mövqeyini və şərtlərini açıq şəkildə təqdim edib. İran ABŞ-dən İslamabad memorandumunun müddəalarına qayıtmasını tələb edib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Tasnim” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın danışıqlar qrupuna yaxın şəxs bildirib ki, bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, bir gün əvvəl İrana gələn Pakistan ordusunun rəhbəri ABŞ-dən hər hansı təhdid və ya buna bənzər mesaj gətirməyib.
Əksinə, o, danışıqlar imkanlarını genişləndirməyə və İranın şərtlərini və mövqeyini ABŞ tərəfinə çatdırmağa çalışıb, mənbə vurğulayıb.
Onun sözlərinə görə, Münirlə görüşlər zamanı İran tərəfi Pakistan nümayəndələrinə öz tələblərini ətraflı şəkildə təqdim edib.
Mənbə bildirib ki, Tehranın əsas tələblərindən biri ABŞ-nin İslamabad memorandumuna qayıtması və onun müddəalarını, o cümlədən Hörmüz boğazı ilə bağlı İranla əldə edilmiş razılaşmaları nəzərdə tutan 5-ci bəndi yerinə yetirməsidir.
Mənbə əlavə edib ki, Pakistan tərəfi bu şərtləri ABŞ nümayəndələrinə çatdırmaq niyyətindədir.