İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin zəif dövlət kimi təqdim olunması ilə bağlı təsəvvürlərin tamamilə aradan qalxdığını və Tehranın müharibədən sonra xarici siyasətinin əvvəlki dövrdən prinsipial şəkildə fərqlənəcəyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Əraqçı İran hökumətinin saytına müsahibəsində ABŞ və İsrailin İrana qarşı müharibəsinin ölkənin dayanıqlılığını nümayiş etdirdiyini və beynəlxalq aləmdə İran haqqında təsəvvürləri dəyişdirdiyini deyib.
Onun sözlərinə görə, müharibənin əvvəlində ABŞ Prezidenti Donald Tramp İrandan “qeyd-şərtsiz təslim olmağı” tələb edib. Əraqçı bildirib ki, İranın rəqibləri daha sonra hakimiyyət dəyişikliyi, ölkənin parçalanması və daxili iğtişaşların təşkili də daxil olmaqla müxtəlif ssenariləri həyata keçirməyə çalışıblar. Lakin onlar məqsədlərinə çata və münaqişəni qısa müddətdə başa çatdıra bilməyiblər.
İranın XİN rəhbəri müharibə dövründə Tehranın diplomatik səylərindən də danışıb. Onun sözlərinə görə, xarici tərəfdaşlara xəbərdarlıq edib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını, əgər həmin bazalar münaqişədə iştirak edən ölkələrin ərazisində yerləşirsə, hədəfə alacaq.
ABŞ ilə danışıqlara toxunan Əraqçı bildirib ki, İran Prezidenti Məsud Pezeşkian müharibənin dayandırılması üçün mümkün yol kimi Vaşinqtonun danışıqlar təklifinin müzakirə edilməsini dəstəkləyib.
Nazirin sözlərinə görə, İranın danışıqlar heyətinə rəhbərlik etmək üçün parlamentin sədri Məhəmməd Bağır Qalibafın namizədliyini də məhz Pezeşkian irəli sürüb.