6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ərdoğan: "Türkiyə artıq Aİ-yə üzvlüyü prioritet hesab etmir"

17-avqust-2026, 17:38
Ərdoğan: "Türkiyə artıq Aİ-yə üzvlüyü prioritet hesab etmir"
Yazı Ölçüsü:

Türkiyə artıq Avropa İttifaqına (Aİ) üzvlüyü prioritet məsələ kimi nəzərdən keçirmir. 

"PostMedia" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jazeera Arabic”ə müsahibəsində bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara mümkün üzvlük üçün qapını bağlamır. Lakin Aİ Türkiyənin inteqrasiyasına real hazırlıq nümayiş etdirmir və bunun nəticəsində itirən tərəf Avropa olacaq.

“Avropa artıq 53 ildir Türkiyəni öz sıralarına qəbul etmir və gələcəkdə də bunu etmək niyyətində deyil. Lakin biz qapımızı bağlamamışıq”, – deyə Ərdoğan bildirib. O, 53 illik müddətin hesablanması üçün hansı tarixin əsas götürüldüyünü açıqlamayıb.

Türkiyə 1963-cü ildə Ankara sazişini imzalayaraq Avropa İqtisadi Birliyi (AİB) ilə daha sıx iqtisadi əlaqələr və uzunmüddətli üzvlük perspektivi üçün hüquqi baza yaradıb. 1987-ci il aprelin 14-də isə ölkə Aİ-yə tamhüquqlu üzvlük üçün müraciət edib.

“Biz əvvəlki kimi Avropa İttifaqına üzv olmaq imkanını nəzərdən keçiririk. Əgər bizi qəbul etsələr, daha yaxşıdır, qəbul etməsələr də, bu, problem deyil”, – Türkiyə Prezidenti deyib.

Türkiyə 1999-cu ildən Aİ-yə rəsmi namizəd ölkədir. Üzvlüklə bağlı danışıqlara 2005-ci ilin oktyabrında başlanılıb. Lakin Türkiyədə demokratiyanın, hüququn aliliyinin və fundamental hüquqların vəziyyəti ilə bağlı Avropa tərəfinin narahatlıqları fonunda danışıqlar faktiki olaraq uzun illərdir dondurulub.

Aİ Şurasının məlumatına görə, danışıqlar çərçivəsində nəzərdə tutulan 35 fəsildən 16-sı açılıb, biri isə müvəqqəti olaraq bağlanıb. Ankara ilə son hökumətlərarası konfrans 2016-cı il iyunun 30-da keçirilib.

2018-ci ilin iyununda Ümumi İşlər Şurası danışıqların faktiki olaraq dalana dirəndiyini açıqlayıb. Yeni fəsillərin açılması və ya bağlanması, eləcə də Aİ ilə Türkiyə arasında Gömrük İttifaqının yenilənməsi istiqamətində hər hansı sonrakı iş nəzərdə tutulmayıb.

Avropa Komissiyasının hesabatlarında ifadə azadlığı, məhkəmə hakimiyyətinin müstəqilliyi və müxalifət nümayəndələrinə münasibətlə bağlı məhdudiyyətlər dəfələrlə qeyd olunub. 2025-ci il üzrə genişlənmə hesabatında Türkiyə məhkəmə sistemi və fundamental hüquqlarla bağlı sahədə ilkin mərhələdə olan ölkə kimi qiymətləndirilib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31