Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı Türkiyənin təklifini məqsədəuyğun hesab etmir.
“PostMedia” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna tərəflərinə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı Ankaranın təkliflərini çatdırdığını açıqlasa da, Rusiya tərəfi bu təşəbbüsün şərtlərini əks etdirən rəsmi müraciət almayıb.
Onun sözlərinə görə, söhbət 2022–2023-cü illərdə mövcud olmuş və “Qara dəniz təşəbbüsü” kimi tanınan mexanizmə qayıtmaqdan gedirsə, Moskva bunu məqsədəuyğun hesab etmir.
Zaxarova bildirib ki, həmin dövrdə Rusiya Qara dənizdə hərbi əməliyyatları, daha dəqiq desək, Rusiya limanları və enerji obyektlərinin qorunmasına yönəlmiş cavab tədbirlərini dayandırmışdı. Bunun qarşılığında digər tərəfin də analoji qarşılıqlı tədbirlər görməsi nəzərdə tutulsa da, bu baş verməyib.
Rusiya XİN rəsmisi iddia edib ki, həmin dövrdə yaradılmış humanitar dəhlizdən Rusiya mülki və hərbi obyektlərinə hücumlar üçün istifadə olunub, Rusiya kənd təsərrüfatı məhsulları isə sanksiyalar altında qalıb. Onun sözlərinə görə, bu vəziyyət nəticədə “Qara dəniz təşəbbüsü”nün dayandırılmasına gətirib çıxarıb.
Zaxarova həmçinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Qara dənizdə sahilyanı ölkələrin mülki gəmilərinə hücumlar etdiyini iddia edib. O, bu hücumları regionda mülki gəmiçiliyi sabitsizləşdirməyə yönəlmiş siyasətin bir hissəsi kimi qiymətləndirib.
“Vəziyyətin yaxşılaşması üçün heç bir ilkin şərt görmürük. Buna görə də Kiyev rejiminə yalnız müvəqqəti nəfəs almaq imkanı verəcək yarımçıq tədbirlər üçün heç bir əsas yoxdur”, - Zaxarova bildirib.
O əlavə edib ki, Ukrayna böhranının uzunmüddətli həlli yalnız onun, Rusiyanın ifadəsi ilə, “əsas səbəblərinin aradan qaldırılması” ilə mümkündür.