İsrail və Venesuela konsulluq əlaqələrini bərpa etmək barədə razılığa gəlib. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar açıqlama verib.
"PostMedia" xəbər verir ki, məlumatı "The Times of Israel" yayıb.
İki ölkə arasında diplomatik münasibətlər 2009-cu ildə kəsilmişdi. Son həftələrdə aparılan danışıqların nəticəsi olaraq tərəflər iki ölkə vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsinə imkan verəcək koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər.
İsrail və Venesuela, eyni zamanda, fövqəladə vəziyyətlərə cavab tədbirləri və iyun ayında Venesuelada baş vermiş dağıdıcı ikiqat zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
Venesuela İsraillə diplomatik münasibətləri prezident Uqo Çavesin hakimiyyəti dövründə, onun hökuməti ilə İsrail arasındakı münasibətlərin pisləşməsi fonunda kəsmişdi.
Yanvar ayında ABŞ Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu həbs etdikdən və ölkənin prezidenti Delsi Rodriges olduqdan sonra Karakasın İsrailə münasibətdə ritorikası nəzərəçarpacaq dərəcədə dəyişib.
İki ölkənin yaxınlaşmasına zəlzələdən sonra İsrailin Venesuelaya göstərdiyi yardım da təsir edib. İsrail ölkəyə humanitar nümayəndə heyəti göndərib və nümayəndə heyəti xilasetmə işlərinə və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına peşəkar dəstək göstərib.