Türkiyəli məşhur aktyor Ufuk Özkan uzun müddət davam edən müalicə prosesindən sonra yenidən səhnəyə qayıdıb.
”PostMedia” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir müddət əvvəl qaraciyər problemi səbəbi ilə xəstəxanaya yerləşdirilən və intensiv müalicə alan sənətçi vəziyyətinin yaxşılaşması ilə tamaşaçılarla görüşüb. O, üç mövsümdür rol aldığı teatr tamaşasında yenidən səhnəyə çıxaraq böyük coşqu ilə qarşılanıb.
1975-ci il təvəllüdlü Ufuk Özkan sosial şəbəkədəki paylaşımında səhhətinin yaxşı olduğunu bildirib və “Artıq xəstəxanadan çıxdıq, hər şey qaydasındadır” sözləri ilə sevənlərini sevindirib. Aktyor həmçinin bu müddətdə ona dəstək olan hər kəsə təşəkkür edib.
Məşhur sənətçi səhnəyə dönüşündən sonra ilk fotosunu da yayımlayaraq sənət fəaliyyətinə ara vermədən davam edəcəyini vurğulayıb. Həkim nəzarətində olduğunu bildirən Özkan, mütəmadi olaraq yoxlanışlardan keçəcəyini qeyd edib.
Onun səhnəyə qayıdışı həm sənət ictimaiyyəti, həm də izləyiciləri tərəfindən müsbət qarşılanıb və sosial mediada geniş rezonans doğurub.





