Məşhur Hollivud ulduzu Cenifer Lopez və Ben Afflek boşanmalarından sonra ilk dəfə “Hörümçək qadının öpüşü” (“Kiss of the Spider Woman”) filminin Nyu-Yorkda keçirilən qalasında görüşüblər.
“PostMedia” xəbər verir ki, musiqi karyerası ilə yanaşı kino sahəsində də uğurlu layihələrdə yer alan Cenifer Lopez, bu dəfə Manuel Puiqin eyni adlı romanı əsasında çəkilən filmində baş rolu canlandırıb.
Filmin qalasında keçmiş həyat yoldaşları Cenifer Lopez və Ben Afflek qırmızı xalçada yan-yana görüntüləniblər. Aylardır bir araya gəlməyən cütlüyün səmimi davranışları diqqət çəkib.
Filmin prodüseri olan Ben Afflek tədbirdə verdiyi açıqlamada keçmiş həyat yoldaşına təriflər yağdırıb:“Cenifer bu layihəyə başladığında əlindən gələni edəcəyini bilirdim və o, bunu mükəmməl şəkildə bacardı. Çox çalışdı. Onun saysız istedadlarını burada bir daha görürsünüz”.
Cenifer Lopez filmində sevgililərini bir öpüşlə öldürən “hörümçək qadın” — İngrid Luna adlı obrazı canlandırır. “Hörümçək qadının öpüşü” həm Brodvay (Broadway) musiqilindən, həm də 1985-ci ildə ekranlaşdırılan və Oskar qazanan film versiyasından ilhamlanıb. Bu, Lopezin kino karyerasında ilk musiqili filmidir.
Maraqla gözlənilən ekran əsəri 10 oktyabr 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Cenifer Lopez və Ben Afflek 2000-ci illərin əvvəllərində “Bennifer” adıyla Hollivudun ən populyar cütlüyü sayılırdı. 2022-ci ildə evlənən cütlük 2024-cü ildə boşanma müraciəti verib və proses 2025-ci ilin fevralında başa çatıb.
Boşanma sonrası Ben Afflek “Cenifer, hörmət etdiyim və minnətdar olduğum bir insandır” sözlərini deyib. Lopez isə ayrılıqdan sonra yaşadığı tənha dövrün onu daha da gücləndirdiyini bildirib.





