Almaniya hərbi qulluqçuların cəlb edilməsi üçün qeyri-adi kampaniyaya başlayıb. Bundesverin reklam materialları hazırda ölkə üzrə kabab paketlərinin üzərinə yerləşdirilir. QR kod vasitəsilə potensial namizədlər Almaniya ordusunun tibb bölmələrində xidmət imkanları barədə məlumat əldə edə bilərlər.
"PostMedia"nın məlumatına görə, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi “Berliner Kurier” nəşrinə bildirib ki, kampaniya yalnız peşə seçimi qarşısında olan gənclər üçün deyil, artıq işləyən və fəaliyyət sahəsini dəyişmək imkanını nəzərdən keçirən insanlar, eləcə də ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulub.
Nazirlikdə belə reklamı “ambient advertising” – adi gündəlik mühitdə reklam adlandırırlar. İdeya ondan ibarətdir ki, potensial yeni çağırışçılara onların gündəlik vaxt keçirdikləri məkanlarda, yalnız ənənəvi reklam kanalları vasitəsilə deyil, birbaşa müraciət edilsin.
Bununla yanaşı, kampaniyada iştirak edən kabab satışı ilə məşğul olan müəssisələrin sahiblərinə bunun müqabilində pul ödənilmir. Onlar Müdafiə Nazirliyinin pulsuz təqdim etdiyi xüsusi qablaşdırmadan istifadə etməyə könüllü razılıq verirlər.
Bu qeyri-adi addım Almaniya ordusunun qarşısında duran ciddi problemlə bağlıdır. Berlin qarşıdakı illərdə Bundesverin şəxsi heyətinin sayını əhəmiyyətli dərəcədə artırmağa çalışır.
İyulun sonuna olan məlumata görə, Almaniya Silahlı Qüvvələrində 186 705 hərbi qulluqçu xidmət edirdi. Bu, son 13 ilin ən yüksək göstəricisidir. Lakin Almaniya NATO-nun tələblərini yerinə yetirmək üçün 2035-ci ilədək ordunun şəxsi heyətinin sayını 260 mindən çoxa çatdırmaq niyyətindədir.
Beləliklə, qarşıdakı onillikdə Almaniyaya təxminən 73 min əlavə hərbi qulluqçu cəlb etmək lazım olacaq.