Norveçdə turist yuxuda olan ağ ayını gəmi sirenası ilə oyatdığı üçün 50 min (8 950 manat) Norveç kronu məbləğində cərimələnib.
“PostMedia” xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Hadisə avqustun əvvəlində Şimal qütbündən təxminən 1 000 km məsafədə yerləşən Şpitsbergen arxipelaqının şimal-qərbindəki fyordlardan birində baş verib. Gəminin sərnişinləri sahildə yatan ağ ayı görüblər. Bundan sonra gəmidə olan şəxslərdən biri duman siqnalını işə salıb. Səsdən oyanan heyvan ərazidən uzaqlaşıb.
Şpitsbergen qubernatoru Lars Fausen bildirib ki, qaydanı pozan şəxsə 50 min Norveç kronu, yəni təxminən 3,9 min funt sterlinq məbləğində cərimə tətbiq olunub. Turist cərimə ilə razılaşıb.
Ağ ayılar 1972-ci ildən Şpitsbergendə xüsusi mühafizə altındadır. Yerli qanunvericilik zərurət olmadan bu heyvanları narahat etməyi, onların diqqətini cəlb etməyi və təqib etməyi qadağan edir.
2015-ci ildə aparılan son elmi qiymətləndirməyə əsasən, arxipelaq ərazisində təxminən 250 ağ ayı yaşayır.
Şpitsbergendə vəhşi heyvanları narahat edən turistlərin cərimələnməsi ilk dəfə deyil. 2024-cü ildə turistlərdən biri morjaya həddindən artıq yaxınlaşdığı üçün 11,5 min Norveç kronu məbləğində cərimə ödəyib.