Sentyabrın 28-də səhər saatlarında Bryansk vilayətində dəmir yolu infrastrukturu Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının genişmiqyaslı hücumuna məruz qalıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, ounu region qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Yeqor Kovalçuk bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində Dyatkovо–Lyudinovo dəmir yolu xəttində körpünün bir hissəsi uçub, 10 vaqon relsdən çıxıb. Pilotsuz uçuş aparatlarının hədəfində Uneça rayonundakı dəmir yolu da olub və nəticədə 18 boş yarımvaqon relsdən çıxıb. Navlya rayonunda isə dron dəmir yoluna ziyan vurub, lakin qatarların hərəkəti müəyyən edilmiş qaydada davam edib. Kovalçuk bildirib ki, hər üç hadisə zamanı xəsarət alan olmayıb.
Bundan əvvəl Ukrayna ordusu Rusiya ərazisindəki dəmir yollarına dronlarla zərbələr endirmirdi. Bununla belə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyada dəmir yolu xətlərinin partladılması ilə bağlı bir neçə hadisə qeydə alınıb.
Belə ki, 2025-ci ilin yayında Bryansk vilayətində körpü sərnişin qatarının üzərinə uçub. Nəticədə 7 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin dövrdə Kursk vilayətində dəmir yolu keçidi yük qatarının keçdiyi vaxt avtomobil yolunun üzərinə çöküb və nəticədə maşinist və onun iki köməkçisi xəsarət alıb. Bundan əlavə, ötən ilin iyununda Voronej və Belqorod vilayətlərində də dəmir yollarında partlayışlar baş verib.
2025-ci ilin sentyabr ayının ortalarında Leninqrad vilayətində iki teplovoz relsdən çıxıb və maşinist həlak olub. Oryol vilayətində dəmir yollarının yoxlanılması zamanı partlayış baş verib və iki nəfər ölüb. Pskov vilayətindəki dəmir yolunda da partlayış qeydə alınıb.
Bu ilin aprel ayının əvvəlində Ulyanovsk vilayətində Çelyabinskdən Moskvaya gedən sərnişin qatarının 7 vaqonu relsdən çıxıb. Qatarın tərkibində 15 vaqon və 415 sərnişin olub, 8 nəfər xəsarət alıb. May ayında isə Belqorod vilayətində elektrik qatarı relsdən çıxıb və bir qadın xəsarət alıb.
Öz növbəsində Rusiya hərbçiləri Ukraynanın qatarlarına qarşı məqsədli hücumlara başlayıb və dronlardan istifadə etməklə ayda 40-a qədər lokomotivi sıradan çıxarırlar. Müharibənin əvvəlindən indiyədək 500-dən çox lokomotivə zərbə endirilib və onların 60 faizi son səkkiz ayda zədələnib.
Hücumların böyük hissəsi cəbhə xəttindən və ya Rusiya ilə sərhəddən 200 kilometrədək məsafədə həyata keçirilir. “Ukrzaliznitsya”nın rəhbəri Aleksandr Perçovski bildirib ki, Yenidənqurma və İnkişaf üzrə Avropa Bankı və Dünya Bankının maliyyə dəstəyinə baxmayaraq, şirkət lokomotivləri sıradan çıxarıldıqları sürətlə bərpa etməyə çatdırmır.