Ermənistan tərəfinin açıqlamalarının əksinə olaraq, İranın Ermənistanla TRIPP layihəsi ilə bağlı heç bir ilkin razılaşma əldə etmədiyi bildirilib.
"PostMedia" xəbər verir ki, bu barədə “Sepah Pasdaran” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, bunu general-mayor Rəhim Səfəvi TRIPP layihəsi ətrafında vəziyyəti və Ermənistanla aparılan danışıqları şərh edərkən deyib.
“Bu məsələ ilə bağlı nə real qarşılıqlı anlaşma, nə də ortaq mövqe var. Biz açıq və aydın şəkildə Ermənistanın diqqətinə qırmızı xətlərimizi çatdırmışıq. Buna görə də Ermənistan parlamenti deputatının açıqlaması reallığa uyğun deyil”, - deyə Səfəvi bildirib.
O, İranın ABŞ-nin Fars körfəzindəki mövcudluğuna qarşı olduğu halda, Cənubi Qafqazda ABŞ-nin iştirakını dəstəkləməsinin mümkün olmadığını vurğulayıb.
“Biz regionu və sərhədlərimizin təhlükəsizliyini vahid məsələ kimi nəzərdən keçiririk. Buna görə də layihə hazırkı formatında İran üçün təhlükə yaradır”, - general-mayor qeyd edib.
Səfəvinin sözlərinə görə, İran Ermənistanla danışıqları davam etdirir. Lakin təhlükəsizliyə görə məsuliyyətin ABŞ silahlı qüvvələrinin üzərinə qoyulacağı təqdirdə, Tehran cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
“Daha yaxşı olardı ki, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədinə və həmin ərazidən keçən marşrutlara müstəqil şəkildə nəzarət etsinlər”.