6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Qrenlandiya Trampa yaxın şirkəti qazma işlərini 2027-ci ilə qədər təxirə salmağa məcbur edib

13-avqust-2026, 05:30
Qrenlandiya Trampa yaxın şirkəti qazma işlərini 2027-ci ilə qədər təxirə salmağa məcbur edib
Yazı Ölçüsü:
Qrenlandiya hakimiyyəti ABŞ Prezidenti Donald Trampın çevrəsi ilə əlaqəli olan ABŞ-nin neft şirkətini adada quyuların qazılmasını təxirə salmağa məcbur edib.
PostMedia” xəbər verir ki, Bu barədə “The Guardian” məlumat yayıb.
Bu qərar Arktikada neft kəşfiyyatına başlamaq planları ilə bağlı gərginliyin artdığı bir vaxtda qəbul edilib.
Qərar şirkətin iyul ayında müvafiq icazə olmadan qazma avadanlığını Qrenlandiyanın şərq sahilinə gətirməsindən sonra verilib. Həmin vaxt hakimiyyət orqanları şirkətə “ciddi xəbərdarlıq” etmişdi.
“Greenland Energy” şirkəti qazma işlərinə yaxın vaxtlarda başlamağı planlaşdırırdı. Lakin Qrenlandiya hökuməti lazımi tənzimləyici prosedurların müəyyən edilmiş müddətdə başa çatdırılmasının mümkün olmayacağını açıqlayıb.
“Həmin tənzimləyici proses başa çatdırıla bilməz və buna görə də qazma işlərinin planlaşdırılan başlanğıcına qədər zəruri icazələri almaq mümkün deyil”, – hökumətin açıqlamasında bildirilib.
Qrenlandiya hakimiyyəti şirkətin təklif etdiyi müddətlərin layihənin ətraf mühitə və cəmiyyətə təsirlərini lazımi şəkildə qiymətləndirməyə imkan verməməsindən narahatlığını ifadə edib. Xüsusilə, nadir quş növlərinin və yerli ovçular üçün mühüm əhəmiyyət daşıyan müşk öküzlərinin yaşadığı qorunan bataqlıq ərazilərdə qazma işlərinə icazə verilib-verilməyəcəyi hələ müəyyənləşdirilməlidir.
Hazırda qazma işlərinə 2027-ci ilin qışından tez başlanması mümkün deyil.
Bu təxirəsalma Trampın Qrenlandiya məsələsi üzrə xüsusi nümayəndəsi təyin etdiyi Luiziana qubernatoru Ceff Landrinin may ayında səsləndirdiyi proqnozu da alt-üst edib. Adada səfərdə olan Landri bildirmişdi ki, Qrenlandiyanın neft ehtiyatları, guya, ABŞ-nin İrana zərbələrindən sonra yaranan enerji böhranının həllinə kömək edə bilər.
Qrenlandiyanın ABŞ-yə birləşdirilməsini dəstəkləyən Landri həmin vaxt neft hasilatının təxminən 10 ay sonra başlaya biləcəyini iddia etmişdi.
“Greenland Energy” şirkətinin rəhbəri Robert Prayz bildirib ki, şirkət Qrenlandiya qanunvericiliyinə uyğun olaraq neft kəşfiyyatını davam etdirmək niyyətindədir.
“Greenland Energy” neft kəşfiyyatı proqramının məsuliyyətli şəkildə həyata keçirilməsinə, Qrenlandiyanın bütün tənzimləyici tələblərinə əməl olunmasına və yerli hakimiyyət orqanları ilə tam əməkdaşlığa sadiq qalır”, – Prayz deyib.
O əlavə edib ki, şirkət təxirəsalınmadan planlarını yekunlaşdırmaq, yerli icmalar, tərəfdaşlar və dövlət qurumları ilə əlaqələrini gücləndirmək üçün istifadə etmək niyyətindədir.
Təxirəsalma artıq “Greenland Energy”nin səhmlərinin dəyərinə də təsir edib. Qazma işlərinin təxirə salındığı elan edildikdən sonra çərşənbə günü şirkətin səhmlərinin qiyməti üçdə birdən çox ucuzlaşıb.
“Greenland Energy” investorlarından cəlb etdiyi təxminən 60 milyon dolları layihədə nəzarət payı müqabilində Ceymson Land bölgəsində qazma işlərinə yönəltməyi planlaşdırırdı. Şirkətin rəhbəri daha əvvəl bu ucqar regionun yerin təkində dəyəri 1 trilyon dollara qədər olan neft ehtiyatlarının ola biləcəyini bildirmişdi.
Bununla yanaşı, layihənin Trampın çevrəsi ilə bir sıra əlaqələrinin olduğu qeyd olunur. Şirkətin səhmdarları arasında Trampın ikinci andiçmə mərasiminə 1 milyon dollar ianə etmiş milyarder Kennet Qriffin də var. Direktorlar şurasında isə “Golden Dome” raketdən müdafiə proqramı ilə əlaqəli ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı çalışır.
Buna baxmayaraq, “Greenland Energy” nümayəndələri neft layihəsinin Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı Amerikanın planları ilə heç bir əlaqəsinin olmadığını bildirirlər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31