6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Cared Kuşnerin biznesi İsrail ordusunun təchizatçıları ilə əlaqələrdən gəlir əldə edir — CNN

02-oktyabr-2026, 02:23
Cared Kuşnerin biznesi İsrail ordusunun təchizatçıları ilə əlaqələrdən gəlir əldə edir — CNN
Yazı Ölçüsü:

Qəzzadakı müharibə ilə bağlı danışıqlarda mühüm rol oynayan Cared Kuşner eyni zamanda İsrailin "Phoenix Financial" maliyyə qrupunun ən böyük səhmdarı olan investisiya şirkətinin sahibi olaraq qalır.

"PostMedia" xəbər verir ki, CNN telekanalının araşdırmasına görə, Phoenix İsrailin silah istehsalçısı "Elbit Systems"ə və İsrail ordusunu avadanlıqla təmin edən ən azı daha səkkiz şirkətə yüz milyonlarla dollar investisiya edib.

Eyni zamanda Kuşnerin "Affinity Partners" şirkətinin bu doqquz şirkətin heç birində birbaşa payı yoxdur. Maliyyə əlaqəsi Phoenix vasitəsilə yaranır: İsrail qrupunun mənfəətinin artması potensial olaraq "Affinity"yə məxsus "Phoenix" səhmlərinin dəyərini yüksəldir.

CNN-in məlumatına görə, iyul ayında "Affinity Phoenix"dəki payının təxminən dörddə birini 340 milyon dollardan çox məbləğə satıb və ilkin investisiyalarından beş dəfədən çox gəlir əldə edib. Sövdələşmədən sonra Kuşnerin şirkəti "Phoenix"in 7,4 faiz səhmlərini, yəni 1 milyard dollardan çox dəyərində payını saxlayıb və qrupun ən böyük səhmdarı olaraq qalıb.

"Phoenix Elbit Systems"in ən azı 265 milyon dollar dəyərində səhmlərinə sahibdir. Onun portfelindəki digər şirkətlər arasında hərbi dronlar üçün kameralar istehsal edən "Next Vision", artilleriya mərmiləri üçün elektron partladıcılar istehsal edən "Reshef Technologies", gəmiqayırma şirkəti "Israel Shipyards" və İsrail tankları üçün komponentlər tədarük edən "Ashot Ashkelon" da var. "Phoenix" həmçinin Boeing və "Caterpillar" şirkətlərinə investisiya edib; onların istehsal etdiyi məhsullardan İsrail silahlı qüvvələri istifadə edir.

CNN qeyd edir ki, müəyyən etdiyi bütün doqquz şirkətin səhmləri ötən il bahalaşıb və onların bir çoxu tələbin artmasını müharibə ilə əlaqələndirib. Xüsusilə "Elbit" İsrail Müdafiə Nazirliyindən tələbin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

2025-ci ilin yazından etibarən Kuşner Donald Tramp administrasiyasının Yaxın Şərq istiqamətində ən nəzərəçarpan nümayəndələrindən birinə çevrilib. O, prezidentlə məsləhətləşib, İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlarda iştirak edib və ötən ilin oktyabrında İsrail ilə HƏMAS arasında atəşkəs sazişinin əldə olunmasına kömək edib. Daha sonra Kuşner Qəzzanın genişmiqyaslı yenidən qurulması ilə bağlı planlar təqdim edib. Bu planlar turizm zonasının yaradılmasını və özəl investisiyaların cəlb edilməsini nəzərdə tutur.

Eyni zamanda Kuşner dövlət məmuru kimi deyil, könüllü elçi kimi fəaliyyət göstərir. CNN-in məlumatına görə, məhz buna görə dövlət nümayəndələri üçün qüvvədə olan maliyyə aktivlərinin açıqlanması tələbləri ona şamil edilmir.

Kuşner özü daha əvvəl bildirib ki, investisiya fəaliyyəti ilə diplomatik işi bir-birini tamamlaya bilər. O həmçinin biznesin və iqtisadi əlaqələrin inkişafını Yaxın Şərqdə daha dayanıqlı sülhün təmin olunması üçün vasitə hesab etdiyini deyib.

Kuşnerin nümayəndəsi CNN-ə bildirib ki, o, heç vaxt "Phoenix"in investisiya qərarlarının qəbulunda iştirak etməyib və araşdırma zamanı müəyyən edilmiş doqquz şirkətə investisiyalarla bağlı göstəriş verməyib. Onun sözlərinə görə, Kuşnerin diplomatik fəaliyyətinin "Phoenix"in investisiyalarına təsir göstərməsi və ya əksinə olması ilə bağlı iddialar yanlışdır.

Bununla yanaşı, Kuşner daha əvvəl "Phoenix" rəhbərliyi ilə “çox fəal dialoq” apardığını və şirkətin menecerləri ilə mütəmadi görüşdüyünü bildirib. Onun vəkili CNN-ə belə əlaqələrin həqiqətən olduğunu təsdiqləyib, lakin Kuşnerin diplomatik fəaliyyətə daha fəal şəkildə cəlb olunmasından sonra bu əlaqələrin əhəmiyyətli dərəcədə azaldığını deyib.

Bununla belə, CNN Kuşnerin danışıqlar aparan şəxs kimi fəaliyyətinin "Phoenix"in investisiyalarına birbaşa təsir etdiyini göstərən sübutlar aşkar etməyib. Lakin dövlət etikası üzrə ekspertlər kommersiya fəaliyyəti ilə qeyri-rəsmi diplomatik rolun birləşdirilməsini potensial maraqlar toqquşması mənbəyi hesab edirlər.

"Ağ Ev" bu ittihamları rədd edib və bildirib ki, Kuşnerin şəxsi biznesinin prezidentin xahişi ilə könüllü əsaslarla həyata keçirdiyi diplomatik fəaliyyəti ilə əlaqəsi yoxdur.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031