Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitinə qadağa qoyub.
"PostMedia" xəbər verir ki, bunu cümə axşamı ölkənin xarici işlər naziri Marqus Tsahkna açıqlayıb. “Rusiya işğalçı müharibə apara və bizim ona ticarətini davam etdirməsinə kömək edəcəyimizi gözləyə bilməz. Biz onun müharibəsinin maliyyələşdirilməsinə və təcavüzü davam etdirməsinə dəstək verməyəcəyik”, - deyə nazirin sözlərini “Reuters” sitat gətirib.
Ukraynanın gəmilərə və taxıl terminallarına endirdiyi zərbələr nəticəsində Azov və Qara dənizlər üzərindən tədarükün pozulmasından sonra Baltikyanı ölkələr vasitəsilə taxıl ixracı Rusiya üçün əsas alternativ marşrutlardan birinə çevrilib. “SovEkon”un baş direktoru Andrey Sizov son hesabatında sentyabr ayının yekunlarına əsasən Baltikyanı ölkələrin limanlarında taxıl yükləmələrinin 60% artacağını proqnozlaşdırıb. Onun hesablamalarına görə, göstərici avqustdakı 0,25 milyon tondan 0,4 milyon tona yüksələcək.
Latviya da Rusiya tədarükünü dayandırmaq niyyətində olduğunu açıqlayıb. Baş nazir Andris Kulberqs bildirib ki, hökumət Rusiyadan və Belarusdan idxal olunan taxıla 300% gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Dəyişikliklər hələ Seymin təsdiqini almalıdır. Hazırda ölkədə seçki prosesi gedir. Səsvermə oktyabrın 3-də keçiriləcək və Kulberqin rəhbərlik etdiyi koalisiyanın birinci yeri tutacağı gözlənilir. Riqa bu məsələdə vahid mövqeyi Tallin və Vilnüslə də razılaşdırır.