ABŞ çərşənbə axşamı İranda, Honkonqda və Pakistanda yerləşən 10 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib. Vaşinqton onları İranın hərbi təchizatına dəstək verməkdə ittiham edir.
"PostMedia" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sxemin iştirakçıları İranın müdafiə qurumu üçün silah və komponentlərin əldə edilməsinə kömək ediblər. Yeni məhdudiyyətlər Donald Tramp administrasiyasının İranın hərbi proqramlarını dəstəklədiyi bildirilən maliyyə kanallarını bağlamağı hədəfləyən “Economic Exile” əməliyyatının bir hissəsidir.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İran hökumətinə dəstək verən bütün şəxsləri müəyyənləşdirmək və təcrid etmək niyyətindədir.
ABŞ hakimiyyəti bildirir ki, sanksiyalar vasitəsilə İranın hərbi sənayesi üçün tədarük prosesində iştirak edən şirkətlər və fiziki şəxslər üçün xərcləri artırmağa çalışır. Vaşinqton bununla həmçinin Tehranın hərbi potensialını bərpa etmək və müdafiə sistemlərini inkişaf etdirmək imkanlarını məhdudlaşdırmağa ümid edir.
Yeni məhdudiyyətlər ABŞ və İran arasında diplomatik dialoqun bərpası ehtimalı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda tətbiq edilir. Tramp administrasiyası Tehrana iqtisadi təzyiqləri artırmaqla yanaşı, onun hərbi imkanlarını məhdudlaşdırmağa çalışır.