Braziliyanın şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu çərşənbə axşamı "TikTok"un ana şirkəti "ByteDance"ı uşaqların və yeniyetmələrin şəxsi məlumatlarının emalı zamanı yol verilmiş iddia olunan pozuntulara görə 153 milyon realdan (təxminən 30 milyon dollar) çox məbləğdə cərimələyib.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qurum bildirib ki, "TikTok" həm qeydiyyatdan keçmiş, həm də platformaya qeydiyyatsız baxan istifadəçilərlə bağlı məlumatların qorunması haqqında qanunvericiliyi pozub. Tənzimləyicinin məlumatına görə, şirkət yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarını lazımi hüquqi əsas və zəruri qoruyucu tədbirlər olmadan toplayıb və emal edib.
Tənzimləyici orqan həmçinin "TikTok"a qanunsuz yollarla əldə edildiyini hesab etdiyi bütün məlumatları silməyi və platformada yetkinlik yaşına çatmayanların müdafiəsini gücləndirmək üçün tədbirlər planı təqdim etməyi tapşırıb.
"ByteDance"ın qərardan şikayət vermək üçün 10 gün vaxtı var. Şirkət tətbiq olunan cərimə ilə bağlı hələlik açıqlama verməyib.
Bu, Braziliyanın sosial şəbəkələrə qarşı atdığı növbəti addımdır. Bundan əvvəl, avqust ayında, eyni tənzimləyici qurum Discord platformasında canlı yayımların dayandırılmasını tapşırmışdı. Qərar canlı yayımlardan birinin intihar hadisəsi ilə əlaqələndirilməsindən sonra qəbul edilmişdi.
Prezident Luiz İnasio Lula da Silvanın rəhbərlik etdiyi Braziliya hakimiyyəti, eləcə də ölkənin Ali Məhkəməsi yetkinlik yaşına çatmayanların internetdən istifadəsinə dair qaydaları sərtləşdirməyə çalışır. Oxşar tədbirlər Avstraliya, Kanada və İndoneziyada da həyata keçirilir.
Braziliyanın ölkədə Jancja kimi tanınan birinci xanımı Rozanjela Lula da Silva avqustun 6-da sözügedən hadisədən sonra "TikTok"un bağlanmasına çağırıb. O, həmçinin uşaqların və yeniyetmələrin platformada lazımi səviyyədə qorunmamasını dəfələrlə tənqid edib.