6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

Yaponiyada oyun salonunda ölümlə nəticələnən yanğın törətmiş şəxs edam edilib

21-avqust-2026, 11:56
Yaponiyada oyun salonunda ölümlə nəticələnən yanğın törətmiş şəxs edam edilib
Yazı Ölçüsü:
Yaponiyada bir ildən artıq fasilədən sonra ilk dəfə olaraq ölüm hökmü icra edilib.
"PostMedia" xəbər verir ki, 2009-cu ildə Osakada yerləşən oyun salonunda yanğın törətdiyi və nəticədə beş nəfərin ölümünə səbəb olduğu üçün məhkum edilmiş kişi edam olunub.

58 yaşlı Sunao Takami evinin yaxınlığındakı "paçinko" oyun avtomatları salonunu benzinlə isladaraq ərazini od vurub yandırıb. Hadisə nəticəsində dörd ziyarətçi və müəssisənin bir əməkdaşı həyatını itirib.

2011-ci ildə məhkəmə Takamini asılmaq yolu ilə ölüm hökmünə məhkum etmişdi. Müdafiə tərəfi cinayətin törədildiyi an həmin şəxsin psixi pozuntudan əziyyət çəkdiyini iddia etsə də, altı məhkəmə iclasçı və üç hakimdən ibarət heyət bu arqumenti rədd etmişdir.

Yaponiya və ABŞ "Böyük yeddilik" (G7) ölkələri arasında ölüm hökmünün hələ də qüvvədə qaldığı yeganə dövlətlər olaraq qalırlar. Yaponiyada ölüm hökmünə məhkum edilmiş və ölüm kameralarında saxlanılan şəxslərə adətən qarşıdan gələn edam barədə cəmi bir neçə saat əvvəl məlumat verilir.

Ötən ilin iyun ayında Yaponiyada "Twitter qatili" ləqəbini almış Takahiro Şiraişi edam olunmuşdu. 2017-ci ildə o, doqquz nəfəri qətlə yetirərək bədən hissələrinə parçalamışdı. Bu cinayətlər həmin ilin oktyabr ayında polisin Tokionun yaxınlığındakı Zama şəhərində qurbanlardan birinin axtarışları zamanı bədən hissələri aşkar etməsindən sonra üstü açılmışdı.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31